Rəsmi Bakı bu məsələdə Yeravana güzəşt etməməlidir – VİDEO
Beynəlxalq hüquqda təbii sərvətlərə dəymiş zərərin ödənilməsi ilə əlaqədar təzminat alınmasını özündə ehtiva edən çox sayda mənbə yoxdur. Bu oğurluqları daha çox müharibə cinayəti kimi dəyərləndirirlər.
Bunu ARB24-ün “Gündəm” verilişində ermənilər tərəfindən 30 ilə yaxındır talanan təbii sərvətlərimiz barədə danışan ABŞ-ın “Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi”nin nümayəndəsi Kristofer Çambers deyib.
O qeyd edib ki, rəsmi Bakı bu məsələdə BMT-ni məsələyə qata bilər:
“Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-nin 4 qətnaməsi var. Təzminat verilməsi və ya bu əməlləri törədən insanların tapılması ilə bağlı da qətnamə ola bilər. Amma onların çoxu artıq ortada yoxdur və resurslar dağıdılıb. Hadisələri detallı izləmək mümkün deyil. Düşünürəm ki, Azərbaycan buna görə təzminat alınmasına deyil, daha çox müharibə cinayətinə və beynəlxalq inkişafa fokuslanıb”.
Məsələyə münasibət bildirən beynəlxalq araşdırmaçı Austin Kleyto isə bildirib ki, Azərbaycan kompensasiya ödənilməsi məsələsində Ermənistana güzəştə getməməlidir:
“Ermənistanın dəymiş zərərə görə Azərbaycana kompensasiya ödəməsi illərlə vaxt tələb edə bilər. Burada güclü mövqe sərgiləmək lazımdır.
Azərbaycan torpaqlarının işğalından sonra ordakı qızıl, gümüş kimi qiymətli metallar Ermənistan üzərindən xaricə ixrac edilib. Buna görə kompensasiya ödənilməlidir. Lakin Ermənistan iqtisadiyyatı çox zəifdir və Rusiyadan asılıdır. Bu səbəbdən onların məsuliyyətlərini qəbul edəcəklərinə şübhə edirəm. Lakin dəymiş zərərin ödənilməsi üçün Ermənistana təzyiq göstərilməlidir”.