Nəinki Qarabağda, hətta Ermənistanın özündə olan abidələr Azərbaycana məxsusdur -Tarixçi alim

 

Bu, bir danılmaz həqiqətdir ki, nəinki Qarabağ regionunda, hətta Ermənistanın özündə aşkarlanmış arxeoloji abidələr Azərbaycan-türk xalqına məxsusdur. Ermənilər abidələrimizi nə qədər saxtalaşdırsalar, dağıdıb yer üzündən silməyə çalışsalar da, mütləq bir izi qalır və bu iz də həmin mədəniyyətin ermənilərə aid olmadığını sübuta yetirir.

Bunu AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, Qarabağın harasında arxeoloji qazıntı aparılarsa, oradan qədim yaşayış yeri çıxacağına heç bir şübhə yoxdur. Çünki qədim mənbələrin də göstərdiyi kimi, təbii-coğrafi baxımdan əlverişli olan bu ərazinin hər bir qarışı yaşayış üçün əlverişli olub. Ona görə də Qarabağ bölgəsinin çox yerində vaxtilə xalqımızın ulu əcdadları məskunlaşıb.

Tarixçi alim hesab edir ki, Qarabağ ərazisində arxeoloji abidələrə bundan sonra da çox rast gəlinəcəyi mümkündür: “Məlumdur ki, Ermənistan Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun 2005-ci ildə təşkil etdiyi üzdəniraq arxeoloqlar qrupu Ağdam rayonunun işğal altında olmuş ərazisində Qarabağ xanı Pənahəli xanın tikdiyi məşhur Şahbulaq adlanan qalanın ətrafında ikinci və ya üçüncü Tiqranakert “tapdılar”. İrəvan Dövlət Universiteti kulturologiya fakültəsinin professoru Hamlet Petrosyanın Şahbulaqda apardığı həmin qazıntılar ilk növbə qanuna ziddir. Ermənistanın işğal etdiyi ərazidə erməni arxeoloqlarının arxeoloji iş aparmaları cinayətkarlıqdır. İkincisi, erməni tədqiqatçıları tapdıqları nümunələri olduğu kimi təqdim edə bilmirlər. Çünki bu abidələr erməni mədəniyyətinə aid deyil. Ən azından ona görə ki, ermənilər Rusiyanın köməyilə XIX əsrdə Azərbaycan ərazilərində məskunlaşıblar. Bu səbəbdən ikinci bir saxtakarlığa əl atdıqlarının şahidi oluruq. Qazıntı zamanı aşkar edilən artefaktlar Şahbulaq qalasında təşkil etdikləri muzeydən quldurcasına daşınıb Ermənistana aparıldı. Heç şübhə yoxdur ki, həmin əşyalar da Azərbaycan xalçaları kimi xaricə aparılaraq satılıb, ya erməni mədəniyyəti nümunəsi kimi muzeylərə, sərgilərə təqdim edilmişdi”.

Q.Hacıyev əlavə edib ki, I Qarabağ müharibəsi zamanı bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi. İnsanlığın ən qədim dövr mədəniyyət nümunələrinin toplandığı Azıx mağarasında Ermənistan hərbiçiləri azıxantropa aid əşyaları – gildən və daşdan məişət əşyaları və əmək alətlərini məhv etdiklərini pərdələmək üçün yeni tədqiqatlar təşkil etdilər. Yeni aşkar etdikləri artefaktları dəvət etdikləri xarici arxeoloqlar vasitəsilə ərazidən kənara çıxararaq təbliğat alətinə çevirdilər: “Erməni işğalçıları məşhur Xocalı kurqanlarını yer üzündən sildilər. Muzeylərimizi dağıtdılar. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər. İşğal altında saxladıqları İslam abidələri, xüsisilə məscidlər, türbələr və qəbiristanlıqlar dağıdılıb yer üzündən silindi, alban xristian abidələri isə tamamilə saxtalaşdırıldı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silindi. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdıldı. Yelisey məbədində saxlanmış Alban hökmdarı III Vaçaqanın qəbri və sovməsindəki yazı tamamilə məhv edildi.

Laçındakı Ağoğlan kilsəsinin, Kəbəcərdəki Xudavəng məbədinin, Gəncəsər məbədinin, Yelisey məbədinin alban-xristian məbədi forma və əlamətlərini dəyişməklə qriqoryan-xristian məbədlərinə çevirdilər. İşğal zamanı həmin abidələrə əlavə etdikləri dini əşyaların sonradan saxtalaşdırmaq məqsədilə əlavə olunduğunun üzə çıxmasının qarşısını almaq üçün təcili söküb apardılar ki, bu da bəşəriyyət qarşısında cavab verilməli olan vandalizmdir”.

Q.Hacıyev qeyd edib ki, ermənilər vaxtilə böyükhəcmli Azərbaycan-türk abidələrini dağıtmaqdan çəkindikləri zaman yerli xalqın tarix və mədəniyyət irsini məhv etmək üçün məhz türk mədəniyyətinə məxsus olan kurqanları dağıtdılar, daş bütləri, at, qoç heykəllərini məhv etdilər. Bu vandalizm Qərbi Azərbaycanda (İndiki Ermənistanda) tanınmış tarix və mədəniyyət abidələrinin dağıdılması ilə davam etdirildi.

Alim bildirib ki, Qarabağda məqsədəyönlü şəkildə, müxtəlif üsullarla erməniləşdirmə siyasəti yeridilməsi özünü maddi mədəniyyət abidələrinin yox edilməsində və dəyişdirilməsində göstərib. Əvvəllər köçüb yerləşdikləri ərazilərdə alban-xristian abidələrini məhv etməklə izini itirməyə çalışan ermənilər sonradan bunun fayda verməyəcəyini başa düşərək, özününküləşdirməyə təşəbbüs göstərmişlər. Belə ki, erməni abidələrindən tamamilə fərqlənən bütün alban abidələrini, xaçları, məbədləri ermənilərə məxsus abidələr elan ediblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password