Azərbaycanda hazır məhsula görə verilən subsidiyanın siyahısı genişləndirilə bilər
Kənd təsərrüfatında əkin sahələrinə yox, hazır məhsula görə dotasiyanın verilməsi bu sahəyə daha ucuz kreditlərin ayrılması məqsədə müvafiq olardı.
Bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.
Məlumata görə, “Aqrar sahədə yeni subsidiya mexanizimin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə fermerlərə 2020-ci il yanvarın 1-dən yeni subsidiyaların verilməsinin mexanizmi tətbiq edilir.
Qeyd edilən Fərmanla subsidiyaların yeni mexanizmlə verilməsinin elektron informasiya sistemləri vasitəsilə təşkili, kənd təsərrüfatının inkişaf hədəflərindən aslı olaraq regionlar və bitkilər üzrə subsidiyaların məbləğinin çevik müəyyən edilməsi nəzərdə tutulur.
Yeni mexanizmə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına 6 adda yeni subsidiya, o cümlədən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyalarının verilməsinə başlanılıb. İstehsalçıların stimullaşdırılması üçün ölkədə istehsal olunmuş məhsula görə subsidiyanın verilməsi islahat tədbirləri kimi davam etdirilir. Belə ki, pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına tədarükçülərə təhvil verdikləri məhsulun hər tonuna görə məhsul subsidiyası və müvafiq bitki növləri üzrə ölkədə istehsal edilərək satılacaq 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına, tinglərin isə hər ədədinə görə toxum subsidiyasının verilməsi nəzərdə tutulub.
Bununla yanaşı, ölkədə kənd təsərrüfatı bitkiləri istehsalçılarının əksəriyyəti kiçik ölçülü ailə kəndli təsərrüfatlarıdır. Həmin təsərrüfatlarda istehsal olunan məhsullar (texniki bitkilər istisna olmaqla) əsasən öz daxili təlabatının ödənilməsinə isifadə edildiyindən və istehsal olunan məhsulların miqdarının dəqiq uçotu aparılmadığından onların məhsul subsidiyası ilə dəstəklənməsi mümkün deyil.