Uçurum daha da böyüyür – ÜST-dən xəbərdarlıq
Dünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus zəngin ölkələrdə tətbiq olunan vaksinlərin sayı ilə kasıb ölkələrin alacağı vaksinlərin sayı arasında uçurumun hər keçən gün daha da böyüdüyünü və “qara yumor”a çevrildiyini deyib.
Qebreyesus ötən gün qurumun İsveçrənin Cenevrə şəhərində yerləşən mərkəzində videokonfrans keçirib.
O, çıxışı zamanı ad çəkmədən bəzi ölkələrin bütün əhalisinə vaksin tətbiq etmək üçün az qala yarışdığını, bunun fonunda kasıb ölkələrdə vaksinasiyanın hələ başlamadığını deyib.
Qebreyesus Cənubi Koreyanı zəngin ölkələrə nümunə göstərərək bildirib ki, yüksək gəlirə malik olsa da, bu ölkə vaksin istehsalçıları ilə ikitərəfli razılaşmalara getməyib.
Xatırladaq ki, Qebreyesus martın 19-da verdiyi açıqlamada bildirmişdi ki, bu günə qədər dünyada Covid-19 virusuna qarşı 411 milyon doza vaksin istehsal edilib ki, onun da 76 faizi təkcə 10 ölkədə tətbiq olunub.