“Azərbaycan Xankəndini elektrik enerjisi ilə təmin edəcək”- Ermənilər işıq pulunu necə ödəyəcək?
“Müharibəyə qədər Qarabağda fəaliyyətdə olan 36 Su Elektrik stansiyasından yalnız 6-sı ermənilərin məskunlaşdığı ərazilərdədir. Ona görə də ermənilər elektrik enerjisi çatışmazlığı ilə qarşılaşıblar. Odur ki, sabahdan başlayaraq Xankəndini elektrik enerjisi ilə biz təmin edəcəyik”.
Bu fikirləri tanınmış iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. O bildirib ki, mart ayının 20-də Şuşada rəqəmsal yarımstansiya işə düşəcək: “Laçın Su Elektrik Stansiyasında hasil olunan elektrik enerjisi əvvəl Şuşaya, ordan da Xankəndiyə ötürüləcək.
Bəs ermənilər elektrik enerjisinin pulunu necə ödəyəcək.
Qubad İbadoğlu suala belə cavab verib: “Burda iki problem görünür. “Azərişıq”ın işçilərinin Xankəndiyə giriş icazəsi yoxdur. Xankəndində yaşayan ermənilər bizim milli valyutamız olan manatı tanımırlar. O da maraqlıdır ki, Azərbaycanda elektrik enerjisinin qiyməti bahalaşanda yeni tariflər Xankəndində yaşayan əhali qrupuna da şamil olunacaqmı?.
Yeri gəlmişkən, artıq 2 gündür ki, Ermənistana gedən rus qazı Azərbaycan ərazisindən keçərək, ora Gürcüstan vasitəsilə çatdırılır. Ermənilər buna görə etiraz edirlər ki, onlara Azərbaycandan keçən qaz lazım deyil, bu risklidir. Azərbaycanlılar istədikləri vaxt qazın ötürülməsini dayandıra bilərlər. Çünki, krant bizim əlimizdədir. Əslində Xankəndinin də işığını istədiyimiz vaxt kəsə bilərik, çünki, rubilnik bizim əlimzdədir. Amma bunu edə bilərikmi?. Axı, Xankəndində Rusiya “sülhməramlıları” da məskunlaşıb”.