Bahalaşmanın səbəbləri nədir?
“Pandemiya dövründə ABŞ başda olmaqla böyük dövlətlərin iqtisadiyyatı stimullaşdırma və digər dəstək proqramları, dünya miqyasında böyük inflyasiya dalğasına gətirib çıxarmaqdadır. Bunun əsas səbəbi, mərkəzi bankların “çap dəzgahlarının” var gücü ilə işləməsindədir”.
Bu sözləri iqtisadçı Qaşqay İsmayıl bildirib. Onun sözlərinə görə, dünyada başlanan inflyasiya Azərbaycanda da özünü göstərir:
“Azərbaycan üçün maraqlı cəhət bundan ibarətdir ki, dünyada başlayan inflyasiya qida, dərman kimi əhalinin ən çox ehtiyac duyduğu sahələrdə özünü göstərir. Bu da təbii olaraq, ölkəmizdə əhalinin sosial-iqtisadi vəziyyətini daha da pisləşdirir”.
İqtisadçı hesab edir ki, dünya miqyasında baş verən bu prosesin qarşısını almaq üçün təkcə monopoliyanın ləğvi, sərhədlərin açılması kifayət deyil. Hökumət faydasız iqtisadi siyasətindən əl çəkməli və real tədbirlər görməlidir:
“Reallıq göstərdi ki, manatın kursunu süni surətdə sabit saxlamaqla qiymət artımlarının qarşısını almaq mümkün deyil və devalvasiya baş verməsə də, qiymətlər günbəgün artmaqdadır. Belə vəziyyətdə manat kütləsini artırmaq, devalvasiyaya getmək, lakin eyni zamanda əhaliyə işsizliklə bağlı iri həcmli müavinətlərin verilməsi və iqtisadiyyatın kreditləşdirilməsi zəruridir. Büdcədən qidalanan təbəqənin loyallığı naminə, iqtisadi fəal əhalini labüd ölümə məhkum etmək siyasəti, gec-tez hökumətin özünə qarşı çevrilə bilər”.
Deputat Vahid Əhmədov da Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi qiymət artımının səbəblərinə toxunub. Millət vəkili bildirib ki, ölkədə ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır:
“Ötən il Trans-Adriatik boru kəmərinin (TAP) layihəsinin istismara başlaması mühüm hadisə olsa da, pandemiyanın hökm sürməsi səbəbilə Azərbaycanda ÜDM 4,3% azalıb. Ən çox azalmalar turizm sahəsində olub. İnflyasiyanın aşağı olması Azərbaycanda istehlak qiymətlərinin çox yuxarı olmamasına dəlalət edib. Bununla bərabər, bu sözləri 2021-ci ilin ilk 3 ayı üçün demək qeyri-mümkündür. Görülən çox mühüm işlərə baxmayaq, bahalaşmanın qarşısı alınmır. Bu qiymət artımı obyektiv yox, subyektivdir. Hökumət bununla bağlı təkliflər hazırlamalıdır. Qiymət artımı çox ciddi problemlər yarada bilər”.
V.Əhmədov qeyd edib ki, nə qədər desələr də, bazarda inhisarçılıq və monopoliya var, bunun qarşısının alınması üçün Rəqabət Məcəlləsinin qəbul edilmir:
“Biz uzun illərdir ki, bu məsələni qaldırırıq. Hökumətdən xahiş edirəm ki, Məcəllənin qəbulunu tezləşdirsinlər. Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda həm qiymət siyasətinə, həm də bazarda rəqabətə dəstək olacaq”.
Deputat hesab edir ki, ixracın stimullaşdırılması üçün çox ciddi tədbirlərin görülməsinə ehtiyac var:
“İdxalda ərzaq məhsullarının üstünlük təşkil edir. Azərbaycanda ərzaq məhsullarının istehsalına diqqət artırılmalıdır. Bunu Prezident İlham Əliyev də hökumət qarşısında vəzifə kimi qoyub”./qaynarinfo