Azərbaycanda koronavirusun yeni ştammı aşkarlanıbmı – TƏBİB və təbiblərdən cavab

 

Virusun yeni növü 10-dan çox ölkədə aşkarlanıb, Azərbaycana gəldikdə isə…

2020-ci ilin sonunda Cənubi Afrika Respublikasında (CAR) aşkar edilmiş koronavirusun yeni ştammı insan hüceyrələrinə daha asan nüfuz edir, daha tez yayılır və immun reaksiyasından yayına bilir. “Cənubi Afrika ştammı” SARS-CoV-2 koronavirusunun digər variantlarından fərqli olaraq, yanaşı xəstəliyi olmayan gənc insanlar arasında da aktiv surətdə yayılır və çox zaman ciddi ağırlaşmalara səbəb olur.

SARS-CoV-2 koronavirusunun “Cənubi Afrika ştammı” adlandırılan 501Y.V2/B.1.351 variantı ilk dəfə 2020-ci ilin dekabrında CAR-da aşkarlanıb və ay ərzində ölkədə sürətlə yayılıb. Alimlər CAR-ın Genom Nəzarət Şəbəkəsinin (NGS-SA) 2020-ci il martın 5-dən dekabrın 10-dək topladığı SARS-CoV-2-nin 2882 tam genomunu araşdırıblar. Məlum olub ki, CAR-da COVID-19-un oktyabrda başlanan ikinci dalğası 501Y.V2 ştammının aktiv yayılması səbəbindən daha güclü olub.

“Cənubi Afrika ştammı”nın birləşdirici zülalının 8 mutasiyası var. Bu zülal virusun hüceyrəyə nüfuzunu təmin edir. N501Y adlandırılan belə mutasiyalardan biri B.1.1.7 “Britaniya ştammı”nda da var.

Koronavirusun yeni ştammı artıq 10-dan çox ölkədə aşkarlanıb. Azərbaycanda becə, yeni ştamm aşkarlanıbmı? 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxışlı sorğumuza cavab olaraq deyib ki, yeni növün ölkəmizdə aşkarlanması ilə bağlı məlumat yoxdur: “Yeni ştamm barədə məlumat olarsa, ictimaiyyətə açıqlama veriləcək”.

İnfeksionist-parazitoloq Vüqar Cavadzadə də ölkəmizdə indiyədək COVID-19-un yeni ştammının aşkar edilmədiyini, bununla bağlı xəstələnmə halının qeydə alınmadığını bildirib: “Baxmayaraq artıq 11-dən çox ölkədə yeni ştam yayılıb, bizdə hələlik bununla bağlı aşkarlanma yoxdur”.

“Yeni ştamm, hətta qonşu ölkələrdə də aşkar edilib. Bizdə laboratoriya var, əgər yeni ştamm bizdə də aşakarlanarsa, öz təsdiqini tapar. Amma bu günə kimi belə hal aşkarlanmayıb”, – Cavadzadə vurğulayıb.

İnfeksionist-hepatoloq Vüsalə Yaşar da koronavirusun yeni ştammına Azərbaycanda rast gəlinmədiyini qeyd edib: “Bildiyimiz kimi, artıq bir çox ölkələrdə koronavirusun yeni ştammı peyda olub. Lakin bizim ölkədə hələlik elə bir hala rast gəlinməyib və heç bir yeni ştamm aşkar olunmayıb”./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password