Türkiyənin hərbi sənayesinin inkişafı göz qabağındadır
Bir neçə ildən sonra Qarabağda birgə müəssisələrin fəaliyyətinin şahidi olacağıq
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında dünya ölkələrinin silahlanması ilə bağlı maraqlı məqamlar əks olunub. Hesabatda Azərbaycan və Ermənistana da yer verilib. Hər iki ölkənin öz hərbi potensialını artırdığı bildirilib. Təşkilat 2016-2020-ci il ərzində Ermənistana idxal olunan silahların 94 faizinin Rusiyanın, Azərbaycana idxal olunan silahların 69 faizinin isə İsrailin payına düşdüyünü yazıb.
Sənəddə həmçinin qardaş ölkə Türkiyə ilə bağlı statistika da açıqlanıb. Vurğulanıb ki, son illər ərzində Türkiyə silah idxalını 59 faiz azaldıb. Bunun əsas səbəbi ABŞ-ın F-35 qırıcılarının Türkiyəyə ixracını məhdudlaşdırması, nəticədə qardaş ölkənin yerli silah istehsalını artıraraq idxaldan asılılığı azaltmasıdır. Eyni zamanda hesabatda qeyd olunub ki, Səudiyyə Ərəbistanı, Misir və Qətər dünyada ən çox silah idxal edən ölkələr siyahısına düşüb. Çin və Rusiyanın silah satışlarında azalma müşahidə olunub.
Açıqlanan rəqəmlərlə bağlı danışan hərbi-ekspert Ədalət Verdiyev deyib ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatı dünyanın bir çox ölkəsi və təşkilatı tərəfindən kifayət qədər ciddi qəbul olunur. Ekspertin sözlərinə görə, lakin bu cür hesabatlar olmadan da Ermənistanın yaxın illər ərzində Serbiya, Polşa və Hindistanla əməkdaşlığını kənara qoysaq, hərbi potensialının böyük hissəsini yalnız Rusiya hesabına formalaşdırdığını bilirdik:
“Azərbaycanın 2020-ci ilə qədərki müddətdə əsasən İsrail silahlarına üstünlük verməsi tamamilə normaldır. Azərbaycanın hava hücumundan müdafiə sistemində, pilotsuz aviasiya vasitələrində və müdafiə sənayesinin qurulmasında İsrail dövlətinin rolu danılmaz dərəcədə böyükdür. Ancaq Azərbaycan sadəcə İsraillə deyil, Belarus, Pakistan, Türkiyə, İtaliya və digər Avropa istehsalçıları ilə də ciddi əməkdaşlıq edir. Hətta masada imzalanmış müqavilələr də var. Ermənistan isə özünü birtərəfli qaydada Rusiyaya məhkum edib. Yəni Rusiya hansısa silahı Ermənistana verməkdən imtina edirsə, düşmən ölkə həmin silahdan məhrum olur. Qonşularla davamlı problem yaşayan Ermənistanın alternativ variantı qalmır. Azərbaycan isə Rusiyadan aldığı hər hansı texnikanı eyni zamanda Belarus, Ukrayna və Türkiyədən də əldə edə bilər. Bu şaxələndirmə Azərbaycan üçün çox vacib və doğru addımdır”.
Ə.Verdiyev vurğulayıb ki, Türkiyə son illərdə həm hava hücumundan müdafiə sistemlərində, həm də pilotsuz aviasiya vasitələrinin əldə edilməsində ABŞ tərəfindən ciddi maneələrlə rastlaşırdı:
“Ona görə də qərar verildi ki, ixrac etmək əvəzinə həmin silahların yerli istehsalı təşkil olunsun. Hazırda Türkiyənin silah idxalını azaltması Azərbaycan üçün olduqca önəmli faktordur. Ən yaxın tərəfdaşımız olan qardaş Türkiyənin silah sistemləri sahəsində yerli və milli istehsalı təşkil etməsi yaxın gələcəkdə Azərbaycanın da hərbi sahədə potensialına ciddi təkan verəcək. Türkiyə hərbi sənayesinin inkişafı ilə bir neçə ildən sonra Qarabağ ərazisində birgə müəssisələrin fəaliyyətinin şahidi olacağıq. İmzalanan sənədlər, keçirilən görüşlər, əldə olunan razılaşmalar bunu deməyə əsas verir”. /sherq.az/