Rusiyanın Qarabağdakı təxribat zənciri – Böyük Bismark haqlı idi
Xalqımız 3000 şəhidi sülhməramlıların təxribatlarına şahidlik etmək üçün verməyib
“Rusiya ilə imzalanan bir müqavilə, onun yazıldığı kağıza belə, dəyməz” – deyirdi Otto fon Bismark. Təəssüf ki, çox vaxt və çox hallarda Rusiya tərəfinin addımları insanların tez-tez bu sözləri xatırlamasına səbəb olur. Dağlıq Qarabağdakı rus sülhməramlılarının həqiqətdə özlərini Qarabağda kim hesab etmələri barədə düşünməyə vadar edən başqa bir narahatedici xəbər bu günlərdə gəldi.
“Artsakh Republic” “Telegram” kanalının xəbər verdiyi kimi, “MTS” ticarət nişanı altında Rusiya, Ermənistan və Belarusda telekommunikasiya xidmətləri, rəqəmsal və media xidmətləri göstərən Rusiya şirkəti, Azərbaycanın hələ də erməni işğalçılarının nəzarəti altında qalan ərazisində mobil rabitə xidmətləri göstərməyə başladı. Rusların və Qarabağ separatçılarının bu birgə təxribatının təfərrüatları da verilir.
Dekabr ayından bəri, Rusiyanın MTS şirkətinin törəmə şirkəti olan MTS Ermənistan və Xankəndidə – hələ də Azərbaycan ordusu tərəfindən azad olunmayan bu kiçik ərazidə mobil rabitəni təmin edir. Şirkətin Xankəndidə də Ermənistandakı tarifləri saxladığı qeyd edilir. Satış Xankəndidə və Ermənistan şəhərlərində mobil satış nöqtələrindən həyata keçirilir. Operatorun xidmətlərindən Rusiya sülhməramlı kontingenti və Qarabağ separatçıları istifadə edirlər.
Bütün bunlar, bu hesabata görə, keçən ilin dekabrından, yəni Dağlıq Qarabağda üçtərəfli atəşkəs sazişinin imzalanmasından bir ay sonra başlayıb. Əlbəttə ki, Sazişdə Xankəndidə Rusiyanın bir mobil rabitə şirkətinin meydana çıxacağına dair bir söz yox idi. Təəccüblüdür, lakin bu günə qədər nə Azərbaycanın Xarici İşlər Nazirliyi, nə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin bu bariz təzahürünə heç bir şəkildə reaksiya göstərməyib.
Xankəndidə və bütün Dağlıq Qarabağda baş verənləri izləmək imkanına sahib olan dövlət qurumlarımız hara baxır? Vəziyyətin belə bir mərhələyə gətirilməsinə necə icazə verildi? Suallar çoxdur. Və nəticələr də.
Nə də olsa, bu cür təxribat Rusiyadakı çox yüksək səlahiyyətlilərin himayəsi olmadan mümkün deyildi. Hələ də erməni silahlılarının nəzarəti altında olan Azərbaycan ərazisinin beynəlxalq səviyyədə tanınmış hissəsindəki MTS-lərə “krışalıq” etməyə kim söz verdi? Rəsmi Bakı bu suala cavab tələb etmək məcburiyyətindədir. Bu mövzu sakitcə həzm etdirilə bilməz.
Çünki adamda Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin imzaladığı üçtərəfli müqavilənin mahiyyətinin Rusiya tərəfindən tamamilə sərbəst şərh etmək və ya tamamilə görməzdən gəlmək “hüququnu” özündə saxladığı kimi bir hiss yaranır. Əlavə olaraq, rusların bu cür hərəkətləri, ciddi və uzun müddət yerləşmək istədikləri Xankəndidə öz forpostlarını yaratdıqlarını sübut edir.
Bu baxımdan Xankəndidə başqa bir mobil operator “Qarabağ Telekom”-un da fəaliyyət göstərdiyini xatırlatmaq məntiqlidir. Bu şirkət 2001-ci ildə Livan iş adamları Pierre və Mousa Fattouche tərəfindən qurulmuşdu. Və ona erməni əsilli bir livanlı Ralf Yirikyan rəhbərlik edirdi. Eyni zamanda, şirkət ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mobil rabitə xidmətləri göstərmək üçün müstəsna hüquq əldə etmişdi.
44 günlük müharibədən əvvəl “Qarabağ Telekom” 100 minə yaxın mobil abunəçiyə, 25 min genişzolaqlı internetə qoşulma abunəçisinə və təxminən eyni sayda sabit telefon abunəçisinə sahib idi. İndi nə qədər abunəçinin qaldığını və Rusiya MTS-nə də gerçək ehtiyacın olub-olmadığını söyləmək çətindir. Ancaq aydınlaşdırmaq vacibdir ki, 2013-cü ilə qədər “Qarabağ Telekom”-un beynəlxalq rouminq əlaqələrində olduğu mobil operator Rusiyanın “Meqafon” şirkətidir.
Üstəlik, “Meqafon”-un Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərini ölkəmizin bir hissəsi olaraq xəritədə göstərməsi ilə bağlı dəfələrlə qalmaqal olmuşdu. Bəli, sonra üzr istənildi və düzəldildi. Ancaq bütün bunları kim unutduracaq?! Əksinə, MTS-in bu dəfə etdiyi başqa, daha cəsarətli bir təxribatın fonunda, Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra Rusiya tərəfinin həqiqi motivləri və planları barədə getdikcə daha çox sual yaranır.
Qarabağ separatçılarının qalıqlarının Azərbaycan və Ermənistan arasında müharibəni qaçılmaz edən təxribatın növbəti ildönümünü qeyd etmək üçün 20 fevralda Xankəndinin mərkəzi küçələrinə necə çıxdıqlarını gördük. 20 fevral 1988-ci ildə, erməni millət vəkillərinin tələbi ilə şənbə axşamı gecə toplanan DQMV xalq deputatlarının növbədənkənar iclası, Ermənistan SSR, Azərbaycan SSR və SSRİ Ali sovetlərinə DQMV-nin Azərbaycandan Ermənistana verilməsi məsələsini nəzərdən keçirmək və müsbət həll etmək tələbi ilə müraciət edilmişdi.
33 il sonra, 44 günlük müharibəni uduzan Qarabağ erməniləri və separatçılarının qalıqları təxribatçı şüarlar səsləndirərək Xankəndinin küçələrində yürüdülər. Ancaq rus sülhməramlıları bu hərəkətin mahiyyətini görüb, yaxşı başa düşsələr də, onlara heç bir şəkildə müdaxilə etmədilər. Şübhəsiz ki, hamısını dayandıra bilərdilər. Ancaq bunu etmədilər. Və bu cür addımlardan sonra Azərbaycandakı rus sülhməramlılarına inam təbii ki, arta bilməz.
Bundan əlavə, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında açıq şəkildə dediyi kimi, Rusiya sülhməramlıları gizlicə əcnəbilərin Qarabağa girişinə icazə verir. Dövlətimizin başçısının sözlərinə görə, Rusiya tərəfi ilə əcnəbilərin bölgəyə yalnız Azərbaycanın icazəsi ilə qəbul oluna biləcəyi barədə razılıq əldə edilib. “Bu razılıq pozulur”, – deyə Əliyev vurğuladı.
Və gördüyümüz kimi, pozulan yalnız bu müqavilə deyil. Rusiya tərəfinin Azərbaycan ictimaiyyəti arasında haqlı olaraq hiddət doğuran hərəkətlərinin sayı həddindən artıq çoxdur. Xalqımız, təxminən 3000 şəhidi Qarabağ separatçılarını açıq şəkildə dəstəkləyən, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərən və 10 noyabr tarixli üçtərəfli razılaşmanın mahiyyətini pozan Rusiya tərəfinin bu cür təxribatlarına şahidlik etmək üçün verməyib. Rusiya sülhməramlıları isə Qarabağdakı addımları ilə hər keçən gün böyük Bismarkın sözünün düzgünlüyünü isbat etməkdə davam edirlər./ayna.az/