Qarabağda yeni müharibə başlayır? – İrəvanda panika
Ermənistanda son günlər Qarabağda yeni müharibə olacağı barədə ciddi təşvişlə müşahidə olunan müzakirələr gedir.Yazın gəlişi ilə Azərbaycanın bəzi güzəştlərdən imtina edəcəyi, xüsusilə Qarabağda qalan erməni ordusunun tör-töküntüləri və terrorçulara qarşı əməliyyat keçirəcəyi iddia edilir.
Siyasi şərhçi Asif Nərimanlı Ermənistandakı bu iddiaların 3 səbəblə izah edildiyini açıqlayıb: Azərbaycan İsraildən 2 milyard dollar məbləğində silah alınması ilə bağlı müqavilə imzalayıb; Azərbaycan Ordusu 10 min canlı qüvvə, yüzlərlə hərbi texnika, aviasiya və PUA-ların iştirakı ilə anti-terror təlimləri keçirəcək (15-18 mart); Prezident İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizinə mane olmaq cəhdləri haqda “onları buna məcbur edəcəyik” deyib.
Bu gün isə keçmiş və qondarma “dqr”in separatçı-terrorçu rəhbərinin sabiq “müşaviri” Tiqran Abramyan erməniləri “sakitləşdirən” açıqlama yayıb. O iddia edib ki, yaxın perspektivdə Qarabağda hərbi əməliyyatlar istisnadır, orta perspektivdə az ehtimal var, uzaq perspektivdə isə mümkündür.
T.Abramyan yaxın müddətdə hərbi əməliyyatların yenilənməsini rus sülhməramlılarına görə istisna edib. O bildirib ki, Rusiya yeni hərbi toqquşmaya imkan verməyəcək.
Qeyd edək ki, Qarabağda, rus sülhməramlılarının məsuliyyət zonasında erməni silahlılarının “postlarda” qulluq keçdiyinə dair videolar paylaşılır. Bu isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata ziddir. Bəyanata görə, erməni silahlı birlikləri Azərbaycan ərazisini qeyd-şərtsiz tərk etməlidir.
Erməni ordusunun 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisini tərk etməyən əsgərlərini Azərbaycan terrorçular olaraq tanıyır. Buna görə də Ermənistanda Azərbaycan Ordusu və DTX-nin antiterror əməliyyatı keçirə biləcəyi və bunun aprelə qədər mümkünlüyü haqda ciddi iddialar səsləndirilir.