Moskva Nacaryanı bizdən istəyə bilir, mina xəritələrini ermənilərdən yox?
Axı, bu məsələ bir livanlı erməni qadınının qayıtmasından daha vacibdir
Erməni mətbuatının verdiyi məlumata görə, Livan vətəndaşı Maral Nacaryan Azərbaycan tərəfindən sərbəst buraxılıb. “Çiçəklənən Ermənistan” Partiyasından millət vəkili Naira Zohrabyanın verdiyi məlumata görə, Maral Nacaryan Livan hökumətinin, Ermənistandakı şəxslərin, eləcə də Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarova ilə şəxsən əlaqə saxlayan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun səyi sayəsində Azərbaycandakı əsirlikdən qaytarılıb.
Çox güman ki, Matviyenkonun Azərbaycan Parlamentinin sədrinə müraciəti Nəcaryanın sərbəst buraxılmasında həlledici rol oynadı. Nacaryan 10 noyabr sazişindən sonra Şuşada əsir götürülmüşdü. Erməni tərəfinin verdiyi məlumata görə, Nacaryan şəxsi əşyalarını toplamaq üçün Şuşaya gəlmişdi, amma bir Livan vətəndaşının Azərbaycan ərazisində olması faktı artıq bir çox suallar yaratdı.
Erməni tərəfi Nəcaryanın ötən il avqustun 4-də Beyrutdakı partlayışdan sonra Şuşada yaşamaq üçün Ermənistana gəldiyini iddia etsə də, Azərbaycanın müvafiq idarələrində onun və ərinin işğalçıların sıralarında Azərbaycan ordusuna qarşı döyüşdüyünə dair dəlillər var.
Üçlü Atəşkəs Sazişinin imzalanmasından əvvəl əsir götürülən erməni hərbçilər hərbi əsir sayılır və beynəlxalq konvensiyalarla mübadilə edilir. Lakin 10 noyabrdan sonra da Azərbaycan ordusu azad edilmiş ərazilərdə onlarla silahlı ermənini ələ keçirdi.
Silahlı ermənilərin 10 noyabr tarixli Üçtərəfli Sazişin elan edilməsindən sonra Azərbaycan ərazisinə ötürülməsi və Azərbaycan ordusu ilə toqquşmaya cəhd göstərmələri, onların imzalanmış sənədlə müdafiə olunmayan təxribatçı və terrorçu olduqları anlamına gəlir. Nacaryan məsələsində Azərbaycan Rusiya Federasiya Şurasının spikerinin xahişini nəzərə aldı. Burada Nəcaryanın bir qadın olması Azərbaycan tərəfinin Livan ermənisinə qarşı insanlıq nümayiş etdirməsində də rol oynadı.
Bundan əlavə, Azərbaycanın icazəsi ilə azad edilmiş ərazilərdə ölən erməni hərbçilərinin qalıqlarının axtarışı aparılır. Ancaq bu proseslə yanaşı Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi lazımdır. Üçlü Sazişin imzalanmasından bəri Azərbaycanın dinc sakinləri və hərbçiləri, eləcə də Rusiya sülhməramlılarının minaya düşməsi hadisələri baş verib və verməkdə davam edir.
Əgər Rusiya Federasiya Şurasının sədri ermənilərin sözü ilə livanlı bir erməni qadınının qaytarılması üçün Azərbaycana müraciət edirsə, onda İrəvan qarşısında minalanmış ərazilərin xəritələrinin Bakıya verilməsi məsələsini niyə qaldırmamalıdır? Axı, bu məsələ bir livanlı erməni qadınının qayıtmasından daha vacibdir… /ayna.az/