“Ali təhsilli insanların sayına görə Azərbaycan dünyada ən aşağı yerlərdədir“ – Ekspert

 

Nazirlər  Kabinetinin 2020-ci il hesabatına görə, 2020 – 2021-ci il üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul planı 2,3 faiz artırılıb. Dövlət  sifarişi üzrə  qəbul planı isə  ötən illə müqayisədə 7,1 faiz artırılaraq 21,9 min yer təşkil edib.

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov plan yerlərinin artırılmasının müsbət bir addım olduğunu vurğulayıb:

Oxu.az - Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

“2010-cu ildə Azərbaycan ali təhsil müəssisələrinə cəmi 29 min plan yeri ayrılmışdı. Həmin vaxt 110 min nəfər ali məktəbə qəbul olmaq üçün sənəd verdi. 2020-ci ildə isə 69 min nəfər sənəd verib, plan yeri isə 47 min olub. Yəni 10 il ərzində plan yeri 170-180 min artıb. Bu vacib məqamdır. Dünya təcrübəsinə baxaq. Cənubi Koreyada və yaxud da Sinqapurda orta  məktəblərdən məzun olmuş bütün şəxslər, demək olar ki, ali məktəblərə qəbul olur”.

Ekspert vurğulayıb ki, Azərbaycan bu gün ali təhsilli insanların sayına görə dünyada ən aşağı yerlərdədir:

“Vətəndaşımızın cəmi 17 faizi ali təhsillidir. Bəli, bu gün Azərbaycanda 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır. Ölkə vətəndaşlarının sayının 10 milyonu ötdüyünü nəzərə alsaq, 182 min aktiv tələbə ölkə vətəndaşının çox az bir faizini təşkil edir. Ona görə biz birinci ali təhsilli insanların sayını artırmalıyıq. Bəli, ola bilər ki, bu, iş yerləri ilə bağlı problem yaradacaq, amma bütün hallarda əmək bazarında rəqabət mühiti formalaşacaq. Daha savadlı insanlar işlə təmin olunacaq, nəticədə keyfiyyətli xidmət olacaq. Bu gün Azərbaycan ali təhsil müəssisələrinin məzunlarının cəmi 42 faizi işləyə bilir, 58 faiz ya işləmir, ya da fərqli sahələrdə işləyir. Biz hələ ki mübarizə aparırıq ki, ali təhsilli insanların sayı artsın. Ondan sonra isə keyfiyyətli ali təhsildən danışacağıq. Çünki ortada keyfiyyət yoxdur”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, planın artırılması hansısa problemə səbəb olmur:

“Plan yerləri müəyyənəşdiriləndə əmək bazarında həmin ixtisasa nə qədər ehtiyacın olub-olmamasına baxılmalıdır. Elə ixtisaslar var ki, ona ehtiyac yoxdur. Pandemiya göstərir ki, biz daha çox İnformasiya texnologiyaları, Komputer elmləri kimi ixtisaslara meyillənməliyik. O cümlədən səhiyyəyə diqqət göstərməliyik. Hətta müəllimlik ixtisaslarının özü də bir o qədər lazım deyil. Çünki bizim hazırda çoxlu sayda müəllimə ehtiyacımız yoxdur. Amma plan yerinin artırılmasında problem yoxdur. Ali məktəbə qəbul olmaq üçün 70 minə yaxın insan sənəd verir. Amma onların 47 mini şərtləri ödəyir. Əgər bu qədər insan təhsil almaq istəyirsə, biz niyə onların istəklərinin qarşısını alaq? Onların təhsil almaq hüququ var, amma təbii ki, hamısı ödənişsiz oxuya bilməz. 2018-ci ildə cəmi 13 min nəfər pulsuz təhsil alırdısa, indi bu say  21 600-ə çatıb. Bu il 200 balla insanlar Beynəlxalq münasibətlər fakültəsində pulsuz təhsil alma şansı əldə etdi. Birmənalı şəkildə bilməliyik ki, test savad və bilik göstəricisi deyil. Test sadəcə seçim üsuludur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password