“Nə qədər ki, Habil Bəhmənov kimi hakimlər var…” – Haqsızlıq artacaq

Bakı şəhər sakini Quliyev Əfqan Bəhlul oğlu tərəfindən Aktualinfo.org onlayn qəzet redaksiyasına şikayət məktubu daxil olub. Onun müraciətinə keçməzdən əvvəl xatırlatmaq istərdik ki, hələ ötən il vətəndaşın ailəvi istirahət zamanı üzləşdiyi soyğunçuluq hadisəsindən ( bu oğurluq yox sözün həqiqi mənasında soyğunçuluqdur) sonra Masallı rayon Polis İdarəsində və prokurorluğunda istindaqın qeyri-obyektiv aparıldığı barədə müracitini də geniş ictimaiyyətin diqqətinə çatdırmışdıq. Təəssüflər olsun ki,qeyri-obyektiv aparılan istintaq ədalət məhkəmədə də eyni şəkildə davam etdirilib. Hətta Əfqan Bəhlulovun respublikanın güc strukturlarına etdiyi çoxsaylı şikayətlərə baxmayaraq. İndi isə şikayətçi yazır:
2019-cu il iyul ayının 24-də ailəmlə birlikdə Masallı rayonunda yerləşən “İstisu” sanatoriyasına istirahətə getmişdim. Evimizdə siqnalizasiya sistemi olmadığından və gedişimizin uzunmüddətli olacağını düşündüyümüz üçün istirahətə gedən zaman valideynlərimdən qalan, ailə quran vaxt hədiyyə edilmiş, övladlarımın ad günlərində yaxın qohumlar tərəfindən bağışlanmış qızıl-zinət əşyalarını, özümün, yoldaşımın, oğlumun ümumvətəndaşlıq pasportunu və digər lazımi əşyaları özümüzlə götürmüşdük. 28.07.2019-cu il tarixində gündüz saat 14:20-16:30 arasında mənə məxsus “Mersedes-Benz” markalı 99EM320 qeydiyyat nişanlı avtomobilim qarət olundu. Avtomobilin arxa yan şüşəsi sındırılaraq, yoldaşımın əl çantası aparılmışdı. Həmin çantadan mənim, onun və oğlumun ümumvətəndaşlıq pasportu, ailəmizin büdcəsi olan qızıl-zinət əşyaları və digər dəyərli əşyalar oğurlanmışdır. Hadisə yerindən dərhal DİN-nin “102” xidmətini məlumatlandırdım. Şikayətim əsasında əməliyyat – axtarış tədbirlərinə başlayan Masallı polisi tanımadığım Nurlan Səmədov adlı bir şəxsi saxlamışdır. Təcili şəkildə məhkəməyə ötürülən cinayət işi qeyri-obyektiv, qərəzli, birtərəfli qaydada və heç bir maddi sübut olmadan aparılmışdır. Hadisə baş verən günü götürülmüş əl izlərinin ekspertizası oğurluğu Nurlan Səmədovun törətdiyini təsdiqləməmişdir. Polis cinayət işinin istintaqını prosessual nəzarətin olmaması səbəbindən istədiyi kimi aparmışdır. Məhkəmə prosesi qeyri-obyektiv aparılmaqla, 18.06.2020-ci il tarixdə hökmü elan etdi və Azərbaycan Respublikası CM-nin 177.2.4, 177.2.5, 178.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, Nurlan Səmədov cəzasını ciddi rejimli cəzaçəkən müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi.
Yaxşı yadımdadır, məhkəmənin sonuncudan əvvəlki iclasında hakim Habil Bəhmanov dövlət ittihamçısına (prokurora) söz verərək, təqsirləndirilən şəxsə cəza istəməsini yadına saldı. Mənə-zərərçəkmiş şəxsə isə son çıxış üçün 1 (bir) saat vaxt verdiyini dedi. Mən ona bildirdim ki, son çıxışa hazır deyiləm. Həmçinin xatırlatdım ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində zərərçəkmiş şəxsə son çıxış üçün vaxt verilməsinin zəruriliyi təsbit olunub. Hakim isə dövlətin ona verdiyi səlahiyyətlərdən sui-istifadə edərək, məni məhkəmə icraçılarını zala dəvət edəcəyi və məni cəzalandırmaqla hədələdi: “Sən mən deyənlərlə razılaşmasan, bu dəqiqə protokol tərtib edəcəyəm ki, sən məhkəməyə müdaxilə edirsən!”
Gözümlə şahidi oldum ki, dövlətin adından qərar çıxaran, dövlətin humanist siyasətini təcəssüm etdirməli olan, mühakimənin ədalətliliyini təmin etmək vəzifəsini daşıyan hakim daha çox “qoçu” kimi hərəkət etdi və sanki onun şəxsində “reket”in təpkisinə məruz qaldım. O hakim ki, prosesin ilk çağlarında etiraf edirdi ki, mənim bütün arqumentlərim doğrudur, istintaq qeyri-obyektiv aparılıb, dediklərimin 80-90 faizi faktdır və daxili inamına görə qalan 10-20 faizin də doğru olduğu qənaətindədir. Demə, səmimi deyilmiş. Sonda qəbul etdiyi qərar sübut etdi ki, sözü ilə əməli düz gəlmir. Limitin bitməsini – 8-9 iclasın keçirilib sona çatmasını gözləyirmiş ki, əvvəldən aldığı sifarişi yerinə yetirsin. Yəni, polisə, prokurorluğa bir növ hesabat versin ki, “gördünüz, sizin ayağınızı tapdalamadım, amma zərərçəkmiş jurrnalist olduğuna, dirənib-durduğuna görə bu qədər vaxtın keçməsi, bunca formal prosedurların həyata keçirilməsi vacib idi”. Habil Bəhmənovun icraatında olan, işi məhkəmədə olan əksər vətəndaşların onun əməlindən ziyan çəkdiyinin şahidi oldum,əksər vətəndaşlar onun belə özbaşına hərəkətlərindən gileylənirdilər.
Yeri gəlmişkən onu da qeyd edim ki, elə ilkin iclasdan başlayaraq, sonrakılarda da vəsatət qaldıraraq məhkəmənin gedişinin audio-video qeydə alınmasını istəmişəm. Ancaq hakim heç bir halda vəsadətlərimi təmin etməyib. Çünki o, bilirdi ki, vəsdadətlərimi təmin etsə, qol qoyduğu, dəstək verdiyi qanunsuzluqlar gec-tez sübuta yetiriləcək. Maraqlıdır, indi futbol oyunlarında VAR sistemi (mübahisəli epizodların meydandakı geniş monitorlarlarda təkrar-təkrar görüntülənməsi və münsiflər heyəti tərəfindən yenidən dəyərləndirilməsi) tətbiq olunur və stadiondakı əsas hakimin çıxardığı qərarlar mübahisələndirilərək lazım gəldikdə dəyişdirilir. Oyunda nəticə yarışan tərəflərin maliyyə qazanclarına təsir etdiyi halda, məhkəmə oyun deyildir, hakimin son qərarından insan taleyi asılıdır. Deməli, məhkəmələrdə şəffaflığın təmin olunması daha vacibdir. Amma əlbəttə ki, Habil Bəhmanov kimi hakimlərə şəffaflıq lazım deyil, bu onun möhtərəmliyinə xələl gətirə bilər. Nə qədər ki, Habil Bəhmənov kimi hakimlər var sosial problemlər artacaq, insanların sosial narazılığı pik həddə çatacaq. Dövlətin adından qərar çıxaran belə hakimlərin hərəkəti sanki, dövlətə qarşı bir xəyanətdir. Ədalətsiz qərar qəbul edən belə hakimlərin əməlindən insanlar sarsılır, inamları puça çıxır. Habil Bəhmənov üçün əsas ədalətli qərar çıxarmaq deyil, insanların hüquqlarını pozmaqdır. Görəsən, dövlət nə vaxt belə hakimlərə sərt üzünü göstərəcək? Habil Bəhmənovun əməlindən nə qədər vətəndaş əziyyət çəkməlidir, sarsıntı keçirməlidir, problemlə üzləşməlidir ki, aidiyyatı qurumlar öz sözünü desin.
Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password