Köçəryan və Sərkisyana cəmi bir faiz əhali səs vermək istəyir – Ermənistanda sorğu
Ermənistanda rəyi soruşulanların 45%-i ölkənin yanlış istiqamətdə getdiyini düşünür, 24%-i suala cavab verməkdə çətinlik çəkir və ya imtina edir. 31% ölkənin doğru yolda olduğunu hesab edir.
Bu rəqəmlər ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) sifarişi ilə “Breavis” kompaniyası tərəfindən keçirilən sorğu zamanı üzə çıxıb.
Sorğu 2021-ci il fevralın 8-dən 16-dək 1510 Ermənistan vətəndaşı arasında keçirilib.
Respondentlərin 33%-i seçkidə hakim siyasi qüvvəyə səs verməyə hazır olduqlarını bildiriblər. “Çiçəklənən Ermənistan” Partiyası ikinci yerdə (3%), Ermənistanın ikinci prezidenti Robert Köçəryan üçüncü yerdə dayanıb.
Respondentlərin yalnız 1%-i ölkənin üçüncü prezidenti Serj Sərkisyanın lideri olduğu Respublika Partiyasına, “Daşnaksütyun”a (Erməni İnqilabi Federasiyası), “İşıqlı Ermənistan”a və “Sasna Tsrer”ə səs verməyə hazır olduqlarını bildiriblər.
Rəyi soruşulanların 25%-i heç vaxt Respublika Partiyasına səs verməyəcəklərini bəyan ediblər. “Çiçəklənən Ermənistan” Partiyası üçün bu rəqəm 17%, “Mənim addımım” üçün 14%, “Daşnaksütyun” üçün 10%, “İşıqlı Ermənistan” üçün 8%, Robert Köçəryan üçün isə 1% təşkil edib.
Respondentlərin 42%-i heç bir siyasi qüvvəyə səs verməyəcəklərini, 12%-i cavab verməkdə çətinlik çəkdiklərini söyləyib. İrəvanda bu rəqəm müvafiq olaraq 50 və 13 faizdir.
Sorğuda iştirak edənlərin 28%-i iqtisadi vəziyyəti və işsizliyi əsas prioritet kimi göstərib. Yaşayış şərtləri ikinci yerdədir – bunu respondentlərin 8%-i qeyd edib. Sorğuda iştirak edənlərin yalnız 2%-i fiziki təhlükəsizliyi və ya hərbi hücum ehtimalını prioritet adlandırıb.
Respondentlərdən Ermənistanın qarşısında dayanan ən ciddi problemləri göstərmələri xahiş edildikdə cavablar aşağıdakı kimi olub:
Siyasi qeyri-sabitlik – 12%
İqtisadiyyat və işsizlik – 11%
Dağlıq Qarabağ məsələsi – 9%
Silahlı qüvvələrdə islahatlara ehtiyac – 8%
Hökumətin zıif işləməsi – 6%
“Əsirlər”in qaytarılması zərurəti – 6%
Ərazi və sərhəd məsələləri – 5%
Ermənistanın milli təhlükəsizliyi – 3% /teleqrqaf.com/