Sənədsiz evlərə “kupçalar”ın veriləcəyi vaxt bəlli oldu
Azərbaycanda sənədsiz yaşayış evlərinin inventarlaşdırılması həyata keçirilir. Bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Mövzunu şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda sənədsiz evlərlə bağlı problem uzun illərdir öz həllini tapmır: “Müxtəlif rəqəmlər mövcuddur. Deyilənə görə Azərbaycanda təqribən 500 min sənədsiz ev mövcuddur. Bu sənədsiz evlərin rəsmiləşdirilməsi kifayət qədər ciddi bir problemdir. Bu da on minlərlə insanın mülkiyyət hüququnun tanınması məsələsində məhdudiyyətlər yaradır. Əslində beynəlxalq qanunlarda belə bir məsələ var ki, əgər vətəndaş yaşadığı mənzildə kommunal xidmətlərin ödəyicisidirsə və bu dövlət tərəfindən tanınırsa, o zaman mülkiyyət hüququ da yaranır. Mənzillərin və özəl evlərin böyük əksəriyyətinin sənədsiz olmasına baxmayaraq, onlarda kommunal xidmətlərdən istifadəyə görə haqq ödənilir. Bu artıq onların mülkiyyət hüququnun yaranması deməkdir. Ona görə də, məsələnin həlli çox vacibdir”.
Natiq Cəfərlinin sözlərinə görə, mülkiyyət hüququna malik olamyan vətəndaşlar alqı-satqıda əziyyət çəkirlər, iqtisadi aktivlikdə geri qalırlar və kredit götürə bilmirlər: “Bu məsələnin həlli iqtisadiyyata müsbət təsir edəcək. Deyilənə görə bu sahədə müəyyən işlər görülür və ilin sonuna qədər sənədsiz evlərin böyük bir hissəsinin rəsmiləşdirilməsinə və onlara “kupça”ların verilməsinə başlanacaq. Bu da sözügedən sahədə yığılıb qalan problemlərin həllinə səbəb ola bilər”.