Sərt karantin rejiminə qayıdış? – “İmkan versinlər, camaat bayramı keçirsin…”

 

Azərbaycanda koronavirusa qarşı vaksin olunanların sayı yarım milyona yaxınlaşır. Prosesə 1 aydan artıqdır start verilsə də, səhiyyə qurumları peyvəndələməni olduqca ləng aparırlar. Bu da media və sosial şəbəkələrdə tənqidlərə səbəb olur.

Bu arada ekspertlərin pandemiyanın üçüncü dalğasının olacağı barədə xəbərdarlıqları özünü doğruldur. Son həftədə Azərbaycanda yoluxmaların sayı 400 həddinə çatıb. Bu da cəmiyyətdə sərt karantin rejiminin yenidən bərpa ediləcəyi barədə müzakirələrə yol açıb. Yayılan məlumatlara görə, mart ayının 15-dən etibarən SMS-icazə rejiminə keçiləcək, kafe-restoranlar, ticarət mərkəzləri bağlanacaq.

Nazirlər Kabinetindən isə bildirilib ki, belə bir qərar yoxdur, qəbul olunarsa, ictimaiyyətə məlumat veriləcək.

Professor Adil Qeybulla indiki rəqəmlərlə sərt karantin rejiminin tətbiqini doğru hesab etmir. Onun sözlərinə görə, epidemioloji vəziyyət bu şəkildə davam etsə, hər hansı qadağaların tətbiqi doğru deyil: “Heç olmasa, imkan versinlər, insanlar bayramı keçirsinlər. Düşünürəm ki, yoluxma sayı bu qədər olsa, heç bir prooblem olmayacaq. Amma insanlar yenə də hər şeyi nəzərə almalıdırlar, qapalı yerlərdə qaydalara ciddi əməl etməlidirlər, məsafə gözləməli, maska taxmalı, əlləri dezinfeksiya etməyi unutmamalıdırlar”.

Həkim qeyd etdi ki, insanlar artıq qapanmalardan və pandemiyadan beziblər: “İnsanların azadlıqlarına alışdıqları bir vaxtda pandemiya onların həyatına xeyli problemlər gətirib. Bu isə reallıqlardır. Bütün dünya əziyyət çəkir. Avropa ölkələri, Birləşmiş Krallıqda elə sərt tədbirlər görülüb ki, məhz həmin tədbirlərin nəticəsində bu gün uğurlar göz önündədir”.

A.Qeybulla vaksinasiyaya daha çox diqqət ayrımağın vacibliyini düşünür: “Biz vaksinasiyaya daha çox güc verməliyik. Bununla bağlı daha intensiv işlər aparmalıyıq. Peyvəndləmə prosesi intensiv aparılmalıdır ki, qısa müddətdə uğurlu nəticələr əldə edə bilək. Əlbəttə, ikinci dalğa zamanı xəstələrin böyük əksəriyyətində davamlı immunitet formalaşıb. Biz onların qan təhlillərində də bunu müşahidə edirik. Amma bunlarla yanaşı, vaksinasiyanın da aparılması kollektiv immunitetə gedən yolu daha da qısaldar ki, bununla biz pandemiyaya qalib gələ bilərik. Ona görə də hesab edirəm ki, üçüncü dalğanın yanından ötüb keçməyə çalışmalıyıq. Bu da bizim daxildə gördüyümüz tədbirlərdən asılıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password