ABŞ-ın Qarabağ mövqeyi: Rusiya gedir, əvəzində… – Tarasov
ABŞ-ın Qarabağla bağlı mövqeyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalayan tərəflər olaraq Azərbaycan və Rusiya, hətta Türkiyənin mövqeyinə prinsipial şəkildə qarşı deyil. Eyni zamanda amerikalıların son vaxtlar həm öz tərkibində, həm də münaqişə tərəfləri ilə görüşlər keçirməyə başlayan ATƏT-in Minsk Qrupu formatındakı fəaliyyəti aydın şəkildə müəyyənləşməyib.
Bunları rusiyalı politoloq Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, digər həmsədr kimi, ABŞ da rəsmi olaraq “susur”:
“Qərb ekspertləri daha öncə Paris və Vaşinqtonun Minsk Qrupu vasitəsilə regionda itirdikləri təsirin heç olmasa bir hissəsini qaytarmağa cəhd edəcəklərini iddia edirdilərsə, hazırda ATƏT-in Minsk Qrupu daxilində ziddiyyətlər var. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Ermənistanın qabartdığı “Dağlıq Qarabağın siyasi statusu” məsələsini qeyd etməkdən nümayişkaranə çəkindi, bunun əvəzinə regionda kommunikasiya dəhlizlərinin açılmasının perspektivindən danışmağa üstünlük verdi.
Bununla belə, ABŞ-ı Minsk Qrupunda təmsil edən səfir Yan Kelli hesab edir ki, Qarabağla bağlı imzalanan üçtərəfli sazişin əvəzinə beynəlxalq saziş imzalanmalıdır və orada “həm Dağlıq Qarabağın, həm də sülhməramlıların statusu” müəyyənləşdirməlidir. Kellinin sözlərinə görə, əvvəllər təsir cəhətdən Zaqafqaziyada “əriyib”, rol oynaya bilməyən amerikalılar mövqeyini dəyişə bilərlər. Amma necə? Hər şey ABŞ Dövlət Departamentinin “Dağlıq Qarabağ münaqişəsi” (“keçmiş DQ münaqişəsi” nəzərdə tutulur – red.) ilə bağlı sülhyaratma və diplomatik səylərlə bağlı hansı konsepsiyalara əməl edəcəyindən asılı olacaq”.
Ekspert bildirib ki, ABŞ mövqeyini bir neçə variantda sərgiləyə bilər:
“Onlardan biri Rusiyanın Türkiyə vasitəsilə regiondan kənarlaşdırılmasını nəzərdə tutur, halbuki o zaman erməniləri Türkiyə və Azərbaycanla barışdırmaq lazım gələcək, onlar üçün münasib olan şərtlərlə Moskvanı münaqişə edən tərəflərə “əlverişsiz” təqdim edəcəklər. İkinci variant isə istər Kipr, Yaxın Şərq, istərsə də Balkanlar kimi etnopolitik münaqişələrin həlli təcrübəsindən çıxış edərək, münaqişənin siyasi-hüquqi müstəviyə keçirilməsinə başlanılmasıdır. Vaşinqton bu məsələdə hələ ki, konkret qərar verməyib. Orada “Paşinyan hakimiyyəti saxlayacaqmı və parçalanmış, yorğun və məyus olan erməni cəmiyyətini birləşdirəcək qüvvə olacaqmı” sualı ətrafında fikirləşirlər. Lakin amerikalılar Zaqafqaziyada gedən proseslərdən də tamamilə uzaqlaşmaq fikrində deyil. Blinkenin İrəvana zəng etməsi bunun aydın sübutudur”./axar.az/