Paşinyan “Qarabağ klanı”nı tərksilah etdi
“Paşinyanın mitinqindəki kütləvilik erməni xalqının 30 il ərzində cəlb olunduğu Qarabağ avantürasından bezdiyini və bu yükdən qurtulmaq istədiyini deməyimizə əsas verir”.
Bunu açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, Nikol Paşinyan yaxın zamanda özünün taktiki üstünlüyünü strateji üstünlüyə çevirə bilər:
“30 ilə yaxın Ermənistan xalqını səhv yola aparan Köçəryan-Sarkisyan birləşməsi ölkələri üçün elə bir fəsadlı vəziyyət yaratdılar ki, artıq onların xalqı zəlil vəziyyətindədir, bacaran ölkəni birdəfəlik tərk edir. Bundan sonra da onlar öz səhvlərini boyunlarından ataraq çalışırlar yenidən hərbi-siyasi xuntanı hakimiyyətə gətirsinlər və əvvəlki tək qarşıdurma meyillərini gücləndirsinlər. Bu baxımdan elə hesab edirəm ki, Nikol Paşinyanın məharəti özünü göstərdi. O, özünün sınanmış silahı (mitinq) ilə bu birləşmiş müxalifəti tərksilah etdi və göstərdi ki, xalqın çoxu onun tərəfindədir. İnsanlar psixoloji, mənəvi cəhətdən yorulublar. Çünki onlar həm ölkənin səhv yolda olduğunun şahidi oldular, digər tərəfdən də bütün resuruslarını itirdilər.
Bir halda ki, 30 ilə yaxın uğursuz layihəyə (Qondarma “Artsax” rejimi) bir belə vəsait xərclənildi və sonda Azərbaycanın Müzəffər Ordusu onların bütün ordu birləşmələrini, separatçı qüvvələrinin hamısını darmadağın etdi. Bu o deməkdir ki,Ermənistan rəhbərləri həqiqətən də gələcəyi görə bilmirdilər və onların hədəflərinin hamısı saxta idi. Bu baxımdan Nikol Paşinyan yaxın zamanda özünün taktiki üstünlüyünü strateji üstünlüyə çevirə biləcək”./milli.az