Diplomatlar Qubadlıda törədilən ekoloji terroru öz gözləri ilə gördülər
Azərbaycandakı diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində bu gün Qubadlı rayonunun Qəzyan kəndində Ermənistanın törətdiyi ekoloji terroru öz gözləri ilə görüblər.
Bundan başqa, diplomatlar Ermənistanın uzun illər ərzində həyata keçirdiyi ekoloji terror barədə məlumatlandırılıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq qrupu məlumat verib ki, ötən 30 ilə yaxın müddət ərzində Ermənistan işğal etdiyi bu ərazilərdə ekoloji terror törədib, yaşı yüz illər olan nadir ağacları məhv edib.
Bir hektara yaxın ərazidə 82 ədəd müxtəlif yaşlı, əsasən 50-60 illik ağaclar, diametri 70-80 sm-ə çatan tut ağacları məhv edilib. Tut ağacları Həkəri çayı boyunca qırılıb, tut bağları yandırılaraq dağıdılıb. Bəzi kəndlərdə 500-ə qədər tut ağacı məhv edilib.
Yaşı 1500 olan qiymətli ağaclar – Şərq çinarı, Yunan qozu, Araz palıdı kimi nadir ağaclar kəsilib. 107 hektarı əhatə edən Bəsitçay dövlət qoruğunun ərazisində yaşı min illər olan ağaclar yandırılıb, qırılıb. Ermənistan işğal müddətində 228 min hektar meşə ilə örtülü ərazilərin 54 min hektarını məhv edib. Bu ərazilərdə dəfələrlə yanğınlar törədilib.
Diplomatların diqqətinə o da çatdırılıb ki, 168 yerdə yeraltı faydalı qazıntılar uzun illər ərzində istismar olunub, talan edilib.