“Çəkəcəyimiz filmlərdə dini abidələrimizin dağıdılması bir hissə kimi təqdim edilməlidir…”
“Vətən müharibəmizdən sonra bu mövzuda mütləq filmlər çəkilməlidir. Ermənilər rayonlarımızı xarabalığa çevirib, dini abidələrimizi məhv və təhqir ediblər”
Bunu açıqlamasında Əməkdar incəsənət xadimi, kinoşunas Ayaz Salayev deyib. A.Salayev bu istiqamətdə çəkiləcək filmlərə başlamağın vaxtı olduğunu bildirib:
“Vətən müharibəmizdən sonra bu mövzuda mütləq filmlər çəkilməlidir. Ermənilər rayonlarımızı xarabalığa çevirib, dini abidələrimizi məhv və təhqir ediblər. Bu isə heç bir qanuna, insanlığa sığmır. Çəkəcəyimiz filmlərdə dini abidələrimizin dağıdılması da bir hissə kimi təqdim edilməlidir. Çox təəssüflər olsun ki, bu gün müharibə mövzusunda filmlər çox az-az çəkilir. Qazaxıstan bizim Vətən müharibəsi haqda, işğaldan azad edilmiş ərazilərimizdə film çəkdi. Biz hələ ki, gözləyirik, nəyi gözləyirik, bilmirəm. Ona görə bu istiqamətdə ciddi addımlar atmaq lazımdır. Artıq torpaqlarımız bizdədir və bütün reallığı dünyaya çəkib göstərmək imkanlarımız da var”.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə Füzulinin Mərdinli kəndində olub. Səfər zamanı H.Hacıyev Ermənistanın törətdiyi dağıntılar barədə onlara məlumat verib. H.Hacıyev kəndin tarixi məscidinin ermənilər tərəfindən dağıdılmasının və təhqir edilməsinin bütün dinlərdə qəbuledilməz olduğunu bildirib./moderator.az