“Türkiyə artıq regional gücdür, Qərb Rusiyaya qarşı…” – Alman mütəxəssis
Bu ay keçirilməsi gözlənilən Avropa Birliyi (AB) liderlərinin zirvə görüşü öncəsi Almaniyanın hakim dairələri Türkiyəni müdafiə edir və Yunanıstana qarşı kampaniya aparır.
Belə iddia ilə Yunanıstan mediası çıxış edib.
Yunan mediasının xəbərlərinə görə, alman mütəxəssislər Türkiyənin ABŞ, Rusiya və Almaniya tərəfindən gözardı edilməyəcək regional güc olduğuna dair Afinaya xəbərdarlıq edirlər.
Yunanıstanın sabiq xarici işlər naziri Panagiotis Loakeimidisin fikirlərinə yer verən media diplomatın “Türkiyə Yaxın Şərqdə baş verənlərdən kənar tutula bilməz, Türkiyə həm də Aralıq dənizi ölkəsidir” fikirlərini xüsusilə qabardıb.
Alman mediasına açıqlama verən Panagiotis Loakeimidis bəyan edib ki, bütün ssenarilər Yunanıstan üçün pisdir: “Bəzilərinin sistemli olaraq Türkiyənin Aralıq və Egeydəki genişlənmə planlarını dəstəklədiyi təxmin edilir”.
Qeyd edək ki, Yunanıstanı narahat edən məqam alman mütəxəssis Seufertin açıqlamaları olub.
Alman mütəxəssis bəyan edib ki, Türkiyəni regional güc olaraq qəbul edir:
“Bu, sadəcə Berlin üçün deyil, eyni zamanda Vaşinqton üçün də deyilə bilər. Rusiyanın Dağlıq Qarabağ savaşına reaksiya göstərdiyini də görmək lazımdır. Rusiya Türkiyənin Azərbaycandakı nüfuzunun genişləndirilməsinə razı oldu. Yəni Rusiya da Türkiyəni regional güc olaraq qəbul edir. Türkiyənin qonşularına baxdıqda Yunanıstan və Bolqarıstan kimi kiçik dövlətlər, Suriya və İraq kimi uğursuz dövlətlər görürük. On illərdir ki, beynəlxalq təzyiqlər altında olan İranı görürük. Başqa sözlə, Türkiyə regional bir gücdür. Bu gün Afrikadakı təsirlərini də genişləndirir. Bütün bunları gerçəklik kimi qəbul etməliyik”.
Vaşinqtonun Rusiya qarşısında Türkiyəni itirməsini göz önünə ala bilməyəcəyini deyən Seufertə görə, Qərb Rusiyaya qarşı strateji manevrlər meydanına sahib Türkiyəni itirə bilməz”.