XİN: Sumqayıt hadisələri Azərbaycana qarşı planlaşdırılmış təxribat idi

 

“Təəssüf ki, yenidən söhbət Ermənistan tərəfinin yalan və iftira dolu bəyanatından gedir. Ermənistan tərəfinin Sumqayıt hadisələri ilə bağlı əsassız iddialarını dəfələrlə cavablandırmışıq və bu gün bir daha qeyd etmək istərdim ki, 1988-ci il fevralın ayının sonlarında Azərbaycan SSR-in Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və dəqiq planlaşdırılmış təxribat idi”.

Bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair KİV-in sualını cavablandırarkən deyib.

“Məlum olduğu kimi, SSRİ Baş Prokurorluğu tərəfindən hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılıb və nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edilib; bu xüsusda vurğulamaq istərdim ki, onlardan 6-sı azərbaycanlı idi. Hadisələrin səbəbkarı, yürüşə başçılıq edən və şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən, milliyyətcə erməni olan Eduard Qriqoryan barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplandı. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb, daha sonra isə azadlığa buraxılıb.

27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verildi, həmçinin bir nəfər ölüm cəzası aldı. Müqayisə üçün onu da qeyd etmək istərdim ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan zorla qovulması zamanı 217 azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülmədi”, – deyə XİN rəsmisi deyib.

Leyla Abdullayeva bildirib ki, Sumqayıt hadisələri öncəsi (Azərbaycanlıların Ermənistan SSR-dən kütləvi deportasiyası, Dağlıq Qarabağ Muxtar Vilayətində radikal erməni millətçilərinin aqressiv separatçılıq meyllərinin baş qaldırması, Azərbaycan SSRİ ərazisində Dağlıq Qarabağda erməni təcavüzünün ilk qurbanları olan iki azərbaycanlının öldürülməsi) və ondan sonra baş verənlər aydın şəkildə göstərir ki, bu hadisələr bir zəncirin halqaları idi və əsas məqsəd Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan zorla qoparılaraq Ermənistana birləşdirilməsi planından ibarət idi:

“Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini otuz ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasəti çərçivəsində çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Lakin bu cinayətləri törədənlərdən heç kim bu günədək hüquqi məsuliyyətə cəlb olunmayıb.

Hazırda bölgədə hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə real əməkdaşlıq imkanlarının yarandığı bir vaxtda rəsmi Yerevanın konstruktivlik və beynəlxalq hüquqa hörmət əvəzinə yenidən, düşmənçiliyi təşviq edən, iftira dolu açıqlamalarla çıxış etməsi bu ölkənin hakim dairələrində hələ də sağlam düşüncənin çatışmadığını göstərir.

Ermənistan tərəfinə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, BMT TŞ-in 1993-cü il tarixli məlum qətnamələrin icrasını təmin edib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bölgədə yeni təhlükəsizlik formatı formalaşıb. Belə olan halda, elə Ermənistanın gələcək inkişafı naminə bu bəyanatın icrası ilə bağlı əməli addımlar atmaq, beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında xoş qonşuluq siyasəti yürütmək və ya öz öhdəliklərinə qarşı çıxış edərək öz xalqını uçuruma doğru aparmaq artıq Ermənistan tərəfinin edəcəyi seçimdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password