Ermənistan prezidenti qərargah rəisini istefaya göndərmədi
Ermənistanda hərbi qiyamın başında dayanan baş qərargah rəisi Onik Qasparyan istefaya məcbur edilir.
Ermənistan mediasının yaydığı xəbərlərə görə, səhər saatlarında milli təhlükəsizlik xidmətinin direktoru Armen Abazyan separatçıların rəhbəri Araik Arutyunyanla birlikdə Onik Qasparyanın kabinetinə daxil olaraq, qapını bağlayıb: qiyamın liderini istefa ərizəsi yazmağa məcbur ediblər, qarşı tərəf imtina edib.
Məlumatlara görə, Nikol Paşinyan Abazyana Qasparyanı neytrallaşdırmaq əmri verib. Ermənilərin baş kəşfiyyatçısı Baş Qərargah idarəsindən çıxmır. Qasparyana dəstək verən generallar isə Paşinyana “hər şey daha pis olacaq” mesajını göndərib.
Daha sonra Qasparyan prezident Armen Sarkisyanın dəvəti ilə onun ofisinə gedib: prezidentin qərargah rəisindən istefa ərizəsini imzalamağı istədiyi deyilir. Hökumət Qasparyana istefa ərizəsi ilə vəzifəsindən gedərsə, hərbi karyerasına və təhlükəsizliyinə zəmanət veriləcəyi vədini verib.
Dünən gecə saatlarında Paşinyanla Armen Sarkisyanın görüşü keçirilmişdi və prezidentin həmin görüşdən sonra tərəzinin Nikol olan gözünə ağırlıq verdiyi ehtimalı güclüdür. Sarkisyanın Qasparyanın vəzifəsindən uzaqlaşdırılması haqda əmrlə bağlı son qərarı verməsi artıq bəlli olub.
Son məlumatlara görə Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb.
Layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.
O da bildirilib ki, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığını qorumalıdırlar.