“Azərlotereya”nın idarəetməyə verilməsinə dair müqavilə imzalandı
Prezident İlham Əliyevin İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi barədə imzaladığı sərəncama uyğun olaraq, nazirliklə Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkəti ilə müqavilə imzalanıb.
Bu barədə İqtisadiyyat nazirliyindən məlumat verilib.
Məlumata görə, imzalanma mərasimində nazir Mikayıl Cabbarov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin (ƏMDX), “Demirören Holdinq” şirkətinin və “Azərlotereya”nın rəhbərləri iştirak ediblər.
M.Cabbarov Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun şücaəti nəticəsində Vətən Müharibəsində böyük Zəfəri vurğulayaraq, qardaş Türkiyənin həmişə olduğu kimi, 44 günlük müharibə dövründə də Azərbaycana siyasi və mənəvi dəstəyini qeyd edib. Nazir bildirib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə sürətlə inkişaf edir. Qardaş ölkə Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli iri enerji, nəqliyyat və logistik layihələrin fəal iştirakçısıdır, bu transmilli layihələr regionun inkışafında mühüm amillərdəndir. Ölkələrimiz arasında ticarət dövriyyəsi, sərmayə qoyuluşu artır. İqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın inkişafı imkanları genişdir.
M.Cabbarov vurğulayıb ki, “Azərlotereya”nın idarəyəetməyə verilməsi Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində yeni əməkdaşlıq layihəsidir. O, qeyd edib ki, prosesə xarici investorların cəlb edilməsi “Azerlotereya”nın fəaliyyətini əsaslı şəkildə dəyişəcək, səhmdar cəmiyyətində qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq olunmasını sürətləndirəcək, iqtisadi səmərəni əhəmiyyətli şəkildə artıracaqdır. Müasir texnologiya və yanaşmaların tətbiqi sayəsində gəlirlər artacaq və “qara bazar”ın payı azalacaq. Bu müqavilənin imzalanması dövlət müəssisələrinin fəaliyyət səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması, “kölğə iqtisadiyyatı”nın azaldılması istiqamətində atılan növbəti addımdır.
E.Özoral Vətən Müharibəsində Azərbaycanın böyük qələbəsi münasibətilə təbriklərini ifadə edib. İki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün həyata keçirilən işlərdən və əməkdaşlığın genişləndirilməsi perspektivlərindən bəhs edən səfir həyata keçiriləcək layihənin iqtisadi əhəmiyyətini vurğulayıb.
ƏMDX-nın rəisi səlahiyyətlərinin icraçısı Mətin Eynullayev “Azərlotereya”nın xarici investora idarəetməyə verilməsinin dövlət şirkətlərinin sağlamlaşdırılmasında əhəmiyyətini, layihənin uğurlu təcrübə yaradacağını qeyd edib.
“Demirören Holdinq” şirkətinin İdarə Heyətinin sədri Yıldırım Demirörən bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. Bu gün imzalanan layihə ikitərəfli iqtisadi əməkdaşlığa daha bir töhfədir. Holdinqin çoxsahəlı fəaliyyəti barədə məlumat verən Yıldırım Demirörən “Demirören Holdinq”in digər sahələrə də investisiya qoyuluşunda maraqlı olduğunu bildirib.
Sonra “Azərlotereya”nın idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb. Sənədi M.Eynullayev və Y.Dəmirören imzalayıblar.
“Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. Şirkətlər qrupu həmçinin, Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. İtalyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs quran “Demirören Holding” 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur.
“Demirören Holding” həmçinin Türkiyənin ən böyük media qruplarından birinin sahibidir. Media qrupuna “CNNTürk”, “Kanal D” kimi məşhur teleradio kanalları, “Milliyət”, “Hürriyyət”, “Vətən”, “Posta” və s. qəzetlər daxildir.