İlham Əliyev: Ermənistandakı böhran bizim planlarımıza təsir edə bilməz

 

Ermənistandakı böhran və onun sülhə təsiri, yenə də bu böhranın hansı istiqamətdə cərəyan edəcəyindən asılı olacaqdır. Bu böhranın tezliklə bir sonu olmalıdır. Dediyim kimi, bu tragikomediyaya son qoyulmalıdır. Atəşkəs və üçtərəfli bəyanatın icrası ilə bağlı diqqətinizi Prezident Putinin cavabına yönəltmək istərdim. Ona sual verildi ki, Ermənistan bu bəyanatın icrasından boyun qaçırmaq istəsə nə olacaq? O da dedi ki, bu, Ermənistan üçün sui-qəsd olacaqdır. Mən də bu məsələdə Prezident Putinlə tamamilə razıyam.

Bu barədə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Ermənistandakı böhranın atəşkəsə və regional əməkdaşlığa təsirindən danışarkən bildirib.

Dövlətimizin başçısı deyib ki, bununla bağlı müəyyən narahatlıq var: “Üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinləri arasında üçtərəfli görüşlər keçirilir. Artıq iki belə görüş olmuşdur. Üçüncü belə bir görüş Moskva şəhərində sabaha planlaşdırılmışdır. Ancaq mənə hələ də məruzə edilməyib ki, bu görüş Ermənistan tərəfindən təxirə salınıbmı. Yəni bu, təxirə salınsa da, anlaşılan olacaqdır. Ancaq yenə də bu, Ermənistanda gələcəkdə baş verəcək hadisələrdən, oradakı siyasi mübarizənin nəticələrindən asılı olacaqdır”.

Prezident qeyd edib ki, amma bu, bizim planlarımıza təsir edə bilməz. Artıq bizim regionun gələcəyi ilə bağlı aydın fikrimiz var. Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvürümüz var. “Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir. Azərbaycan bu regionun tərkib hissəsi olmuşdur, hər zaman uğurlu əməkdaşlığın nümunəsi olmuşdur. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları mövcuddur. Bununla yanaşı, Türkiyə-İran-Rusiya arasında əməkdaşlıq formatı da var. Ermənistan yeganə ölkədir ki, onlarda belə bir əməkdaşlıq formatı mövcud deyil. Yəni biz, bu regionun məsuliyyətli ölkəsiyik. Müəyyən geriləmələr, müəyyən təxirə salınmış tədbirlər ola bilər. Ancaq ümumiyyətlə, mən hesab edirəm ki, Ermənistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan buna böyük mənada təsir edə bilməz və etməməlidir də”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password