III Qarabağ müharibəsi mahiyyət etibarilə antiterror əməliyyatı olacaq
Bundan sonra Azərbaycan və Ermənistan arasında genişmiqyaslı bir müharibənin olması real deyil. Çünki 44 günlük müharibə zamanı Ermənistan ordusuna dəyən ziyanın yaxın 50 ildə bərpa ediləcəyi çətin məsələdir.
Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov son zamanlar tez-tez səsləndirilən III Qarabağ müharibəsinin başlama ehtimalı haqda danışarkən deyib.
Politoloqun sözlərinə görə, buna baxmayaraq, III Qarabağ müharibəsinin başlamaq ehtimalı var:
“Lakin bu, heç də Birinci və ya İkinci Qarabağ müharibəsi kimi genişmiqyaslı bir müharibə olmayacaq. Məsələ ondadır ki, indiki halda rəsmi İrəvanın Azərbaycanla müharibə etmək üçün nə kifayət qədər hərbi gücü, nə də müharibəyə cəlb edəcək canlı qüvvəsi var. Bununla belə, Xankəndidəki keçmiş və qondarma “dqr”in ehtimal təxribatları və ya yaradacağı gərginlik qarşısında Azərbaycan tərəfi hərbi əməliyyatlara başlaya bilər. Yəni III Qarabağ müharibəsi mahiyyət etibarilə antiterror əməliyyatı olacaq.
Azərbaycan Ordusu müharibədən yeni çıxmasına baxmayaraq, kifayət qədər güclüdür. Ermənilərin bölgədəki ehtimal gərginlik yaratmaq cəhdinin qarşısı antiterror əməliyyatı ilə alına bilər”.
Politoloq III Qarabağ müharibəsinin başlayacağı təqdirdə rus sülhməramlılarının atacağı addım barəsində də danışıb:
“Düşünmürəm ki, belə bir hal baş versə, rus sülhməramlıları tərəf tutsun. Çünki sülhməramlı kontingentin sahib olduğu silahlar sadəcə, özlərinin təhlükəsizliyini qoruyacaq qədərdir. Yəni regionda başlayacaq ehtimal müharibə qarşısında sülhməramlıların tərəf tutmaq üçün lazımi gücü və texnikası yoxdur”.