Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
Bununla bağlı şəhər merinin imzaladığı bəyannamədə bildirilir ki, fevralın 26-da Amerika azərbaycanlıları, Azərbaycan xalqı, eləcə də Azərbaycanın dünyadakı dostları Human Rights Watch təşkilatının “1990-cı illərin ən böyük qırğını” adlandırdığı Xocalı soyqırımının 29-cu ilini qeyd edəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qeyd edilir ki, 25 və 26 fevral 1992-ci il tarixlərində, Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə mühasirəyə alınan Xocalı şəhərini işğal edib, 83 uşaq və 70 qoca, 106 qadın da daxil olmaqla 613 mülki şəxs öldürülüb.
Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb,1275 mülki şəxs girov götürülüb, 150 nəfər itkin düşüb.
Xocalı soyqırımı müharibə dövründə verilə bilən dəhşətli ziyanın ağrılı bir xatırlatmasıdır və dünya xalqları arasında daha çox anlaşma, ünsiyyət və tolerantlığa ehtiyac olduğunu göstərir.
Bunları nəzərə alaraq ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhər meri Martin J. Walsh 26 fevral 2021-ci ili Xocalı faciəsinin anım günü elan edib.
Bostonda bəyanat Nyu-England Azərbaycan Mərkəzinin rəhbəri Roza Şəhzadənin təşəbbüsü ilə qəbul edilib.
Qeyd edək ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində ABŞ-ın Minnesota ştatının qubernatoru, Florida ştatının Aventura və Holondeyl Biç şəhərlərinin merləri, Men ştatının Portlənd şəhərinin meri və İllinoys ştatının Skoki şəhərinin meri tərəfindən də oxşar bəyanatlar qəbul edilib.