Rusiyanın bu qərarı Azərbaycana çətinliklər yaradacaq
2021-ci ilin fevralın 15-dən iyulun 30-na qədər Rusiya buğda, çovdar, arpa və qarğıdalı da daxil olmaqla, bir sıra dənli bitkilərin ixracına 17,5 milyon tonluq kvota tətbiq edəcək.
Bu kvota Rusiyadan taxıl ixracının azalmasına səbəb olacaq. Çünki Rusiyanin yalnız illik buğda ixracı 25 milyon tondan artıqdır. Kvotanın tətbiqi Rusiyanın daha az buğda ixracına səbəb olacaq.
Bu vəziyyət Azərbaycan üçün əlverişli deyil. Azərbaycan idxal etdiyi buğdanın əsas hissəsini Rusiyadan alır. 2019-cu ilin məlumatına əsasən ölkəmiz 1,585 milyon ton buğda idxal edib. Buğdanın 1,31 milyon tonu (82,6 faiz) Rusiyadan, 273 min tonu (17,2 faiz) Qazaxıstandan alınıb. 2020-ci ildə buğda idxalımız 1,365 milyon ton olub. Bu qədər məhsulun 1,349 milyon tonu (98,8 faiz) Rusiyanın payına düşüb.
Rusiyanın buğda ixracını azaltması Azərbaycana hansı çətinliklər yarada bilər və idxal çətinliyi yaranmaması üçün başqa hansı bazarlar tapılmalıdır?
Aqrar sahə üzrə ekspert Qadir Bayramlı hesab edir ki, Rusiyadan başqa Azərbaycana yaxın buğda ixracatçıları Qazaxıstan və Ukraynadır.
Amma o adıçəkilən ölkələrin də oxşar addım atmasının mümkün olduğunu düşünür:
“Nəzərə alaq ki, Qazaxıstanın da ixraca kvota qoymaq söhbəti var. Ola bilər ki, Ukrayna da eyni addımı atsın. Onda biz nə edəcəyik? Buğda strateji məhsuldur və ölkəmiz buğdasız qala bilməz”.
Q.Bayramlı taxıl bazarlarında müəyyən fasilələrlə belə gərginliyin yaşandığını xatırladaraq problemin köklü həllinin vacib olduğunu dedi. Onun fikrincə, məsələyə kompleks yanaşma olarsa, Azərbaycan yerli istehsal hesabına özünü buğda və başqa taxıl növləri ilə tam təmin edə bilər:
“Uzun illərdir ki, deməyimizə baxmayaraq məsələ əsaslı şəkildə həll edilməyib. Azərbaycanın illik taxıl istehsalı 3,5 milyon tondur. Bunun 2 milyon tonunu buğda istehsalı təşkil edir. Ölkəmizdə istehsal edilən buğda sərt buğda olduğu üçün dəyirmanlarımızın çoxu onu üyüdə bilmir. Böyük dəyirmanların əksəriyyətinin texniki imkanları yumşaq buğda üyüdülməsi üçün nəzərdə tutulub. Yumşaq buğda da idxal hesabına təmin edilir.
Bu cür dəyirmanların qurulması yanlışdır. Azərbaycanda fermerlər min bir əziyyətlə buğda və digər taxıl məhsulu istehsal edir. İstehsal edilən məhsulun önəmli hissəsi heyvan yemi üçün istifadə olunur. Halbuki, yerli buğdanın keyfiyyəti, kalorisi daha yüksəkdir və dəyirmanlar imkan versə, ondan un alıb istehlaka yönəltmək olar.
Bölgələrimizdə dəyirman şəbəkələri var idi, onların hamısını dağıtdılar. Hər rayonda bir neçə dəyirman olmalıdır və yerli buğda həmin dəyirmanlarda rahat üyüdülə bilməlidir. Problem yaradan əsas çətinliklərdən biri dəyirman məsələsidir.
Azərbaycanın taxıl istehsalını artırmaq imkanları var. Bizim potensialımız daha böyükdür. İşğaldan azad edilən ərazilərdə də taxıl istehsalını təşkil etməklə çox rahatlıqla 4 milyon tondan artıq istehsal etmək olar. Bununla ərzaq məshulu üçün taxıla və buğdaya olan ehtiyacı ödəmək mümkün olacaq.
Xarici bazarlardan asılılığı azaltmaq üçün hökmən yerli istehsal artırılmalıdır. Elə ölkələr var ki, istəsə də yetəri qədər buğda istehsal edə bilməz. Amma Azərbaycanın buğda istehsalını artırmaq potensialı var və bu potensialdan səmrəli istifadə etməklə yerli istehsal hesabına daxili tələbatı 100 faiz ödəmək mümkündür”.
Q.Bayramlı bildirdi ki, yeni mövsümdən başlayaraq yerli məhsullar nəzərə alınmaqla dəyirman şəbəkələri qurulmalıdır:
“Dəyirmanların ən böyük istehsalçılarından biri Türkiyədir. Konyada bu sahə üzrə ixtisaslaşan müəssisələr var. Onları dəvət etməklə burada yerli istehsala uyğun dəyirmanlar qurulmalıdır”./sfera.az/