Ötən il vəfat edənlərin sayı niyə kəskin artıb? – Statistika Komitəsi ilə TƏBİB-in rəqəmlərində 13 min fərq var…
Rəsmi məlumata görə, 2020-ci ildə Azərbaycanda 75 647 ölüm faktı qeydə alınıb. 2019-cu ildə bu göstərici 55 916, 2014-2019-cu illərdə orta ölüm göstəricisi 56 190 nəfər təşkil edib. Başqa sözlə, 2020-ci ildə ölüm statistikasında “siçrayış” qeydə alınıb – əvvəlki illərlə müqayisədə, dünyasını dəyişənlərin sayı təxminən 19 min nəfər çox olub. Müharibədə hərbçilər və mülki əhali arasındakı itkiləri çıxsaq, “artıq” ölüm 16 minə bərabər olacaq.
TƏBİB-in koronavirusla bağlı yaydığı gündəlik statistikada isə virusdan ölənlərlə bağlı bundan qat-qat aşağı rəqəmlər göstərilib. Fevralın 21-ə olan məlumata görə, bu günə qədər 3198 vətəndaş virusdan dünyasını dəyişib. Bəs statistikadakı 13 minə qədər ölüm fərqi nə ilə bağlıdır?
Tanmımış həkim Müşfiq Hüseynov bildirib ki, Azərbaycan demoqrafik cəhətdən dinamik inkişaf edən ölkədir. Onun sözlərinə görə, keçmiş sovet məkanında bu tempə görə Tacikistan və Özbəkistanla ilk üçlükdəyik. “Ümumiyyətlə, dünya ölkələrilə müqayisədə ölkədə stabil artan doğum faizi mövcuddur, ölüm sayını da stabil saymaq olar. Böyük müharibələr, pandemiyalar, kütləvi qırğın silahlarının tətbiq olunduğu terror aktları olmadıqca, bu rəqəm stabil olur. Məsələn, ölkəmizdə illik ölüm sayı 55-57 min, doğum isə 130-140 min arası dəyişir. Rəqəmlərdən görünür ki, stabillik mövcuddur”, – həkim vurğulayıb.
M.Hüseynov deyir ki, bu ölümlərə yaşlanma, xəstəliklər, avtomobil qəzaları, bədbəxt hadisələr, intihar və qətllər daxildir. İllər üzrə onlar da çox az sayda dəyişir: “Statistika Komitəsinin rəqəmlərinə inansaq, 2020-ci il – pandemiya ilində ölümlərin sayı kəskin artıb. Əvvəlki 5 illə müqayisədə ölüm sayında 19 457 nəfər fərq var. Çox maraqlı vəziyyət yaranıb. Bunun 3 minə qədərini Vətən savaşındakı itkilərimizə saysaq, yenə 16 000-dən yuxarı rəqəm alınır. Bəs ölüm fazinin kəskin artmasının səbəbi nə ola bilər? Bizə açıqlanan rəqəmlərdə COVİD-19-dan ölənlərin sayının 3198 olduğu bildirilir. Əgər həqiqətən belədirsə, o zaman qalan 13 000 nəfər nədən vəfat edib? Burda hansısa yanlışlıq var. 2020-ci ilin pandemik qapanma zamanında avtomobil qəzaları, intihar və qətllərin sayında çox ciddi azalma oldu. Əgər, 2020-ci ildə ölümlərin konktet səbəbləri açıqlansa, bunu hamı görər. Səbəbi çox sadədir, insanlar uzun müddət küçəyə çıxa bilmirdilər. Deməli, xəstəliklərdən dünyasını dəyişənlərin sayında çox ciddi artım olub. Ümümən 2014-19-cu illər ərzində Azərbaycanda xəstəliklərdən ölənlərin sayı stabil olub. Pandemiya zamanında ölənlərin sayının belə rəqəmlərə çatması bizə əsas verir düşünək ki, COVİD-19 qurbanlarının sayı açıqlandığı qədər deyil, təxminən 6 dəfə artıq olub. O zaman sual yaranır, niyə Operativ Qərargahın açıqladığı rəqəmlərlə Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistika arasında ciddi fərq var?
Şübhəsiz ki, xəstəxanada ölüm faktını azaltmaq və ya gizlətmək mümkün deyil. Bunu heç kim edə bilməz. Amma ölüm səbəbini gizlədə bilərsiz. Məsələn, bir ürək, qaraciyər, şəkər və ya hipertoniya xəstəsinin ölüm səbəbini COVİD yox, “hipertonik kriz” yaza bilərsiz, çünki o həqiqətən də bu səbəbdən ölüb. COVİD bu prosesdə yalnız tətikçi rolu oynayıb. Və ya götürək, 65 yaş üstü insanların ölüm səbəbini. Mən əminəm ki, onların çoxu COVİD-19-dan ölüb, sadəcə ölüm səbəbi kimi başqa xəstəlik yazılıb. Bunun üzərinə gəlin, evdə müalicə alıb, evdə ölən və ölümünə bir neçə saat qalmış evə gətirilən xəstələri”.
Həkim bildirir ki, istənilən halda, açıqlanan statistika bir daha COVİD-19-un çox ciddi xəstəlik olmasını, itkilərimizim göstərildiyindən daha çox olduğunu təsdiq edir. “Bu saatdan sonra bunu nə təsdiq, nə də inkar edə bilərik. Ən böyük səbəb isə bizdə ölüm sonrası patoloji-anatomik müayinənin, yəni meyitin yarılaraq ölüm səbəbinin araşdırılmamasıdır. Əgər, hər xəstədə belə müşahidə və müayinə aparılsaydı, onun hansı səbəbdən ölməsi müəyyən edilə bilərdi”, – deyə M.Hüseynov vurğulayıb./azpolitika.info/