Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında

 

Azərbaycan Milli Xalça Muzeyi bu gün milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan xalça sənətinin həm ölkəmizdə, həm də xarici dövlətlərdə təbliğatı işini uğurla həyata keçirir. Muzeyin beynəlxalq səviyyədə əsas fəaliyyət istiqamətini isə dünya muzeylərində saxlanılan xalçalarımızın Azərbaycana aid olmasının elmi cəhətdən sübutu, onların etiketaj və annotasiyalarında yaranma məkanı kimi ölkəmizin adının qeyd olunması, bu elmi-tədqiqat layihələri çərçivəsində həmin xalçaların kataloqlaşdırılması və sərgilərin keçirilməsi təşkil edir.

Bu sahədə əməkdaşlıq layihələri “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən silsilə şəklində həyata keçirilir.

Belə önəmli layihələrdən biri də 18 fevral 2021-ci ildə Rusiya Etnoqrafiya Muzeyində açılış mərasimi keçirilən, yüzdən çox nadir eksponatın təqdim edildiyi “Tale ipini xalçaya toxuyaraq… Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” adlı sərgidir.

Qeyd edək ki, Rusiya Etnoqrafiya Muzeyinin ekspertləri Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri ilə birgə Rusiyanın ən böyük etnoqrafik muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri üzərində tədqiqat apararaq, onların məişət təyinatını, istehsalat texnikasını, bədii xüsusiyyətlərini öyrəniblər. Bu tədqiqatların nəticəsi kimi irihəcmli kataloq çap edilib, həmçinin sərgi üçün ən maraqlı əsərlər seçilib. Sərginin açılış mərasimində sərgi ilə eyniadlı həmin kataloq da ictimaiyyətə təqdim olunub.

Sərgidə Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında qorunan xalqımızın milli qürur mənbəyi və maddi-mənəvi mədəniyyətinin misilsiz nümunələri hesab olunan 40-dan çox xalça və xalça məmulatları, habelə Azərbaycan sənətkarlarının XIX-XX əsrlərə aid digər dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilir. Əksəriyyəti XIX əsrin ikinci yarısı – ХХ əsrin ilk onilliyinə aid xalçalar arasında XVIII əsrin sonunda Bakıda toxunan qədim və əsrarəngiz “Suraxanı” xovlu xalçası da yer alır. Sərgidə ilk dəfə Azərbaycanın bir çox tikmə, basma naxış, mis üzərində döymə və qadın geyim nümunələri də nümayiş olunur.

Qeyd edək ki, sərginin açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin, Sankt-Peterburq Xarici Əlaqələr, Millətlərarası Münasibətlər və Miqrasiya Siyasətinin İcrası və Mədəniyyət komitələrinin nümayəndələri, Azərbaycan Milli Xalça Muzeyinin, Rusiya Etnoqrafiya Muzeyinin, habelə digər muzey və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Rusiya ilə Azərbaycanın ortaq mədəni irsinin zənginliyini və əhəmiyyətini əks etdirən bu layihə iki ölkə arasında dialoq və humanitar əməkdaşlığın inkişafı, muzey kolleksiyalarının qorunması, öyrənilməsi və kütləvi təqdimatı sahəsində uğurlu qarşılıqlı fəaliyyət nümunəsi hesab edilə bilər.

Sonda qeyd edək ki, sərgi 18 may 2021-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password