Azərbaycanın beynəlxalq yükdaşımalardan qazancı artacaq – Deputat

 

Vətən müharibəsində qazanılan zəfər Azərbaycanın regional mövqeyini, eləcə də strateji əhəmiyyətini artırmaqla yanaşı, ölkəmiz üçün yeni mərhələnin başlanması anlamına gəlir. Azərbaycan artıq iqtisadi baxımdan quruculuq və bərpa mərhələsinə qədəm qoyur. Təbii ki, ölkə iqtisadiyyatının bütövləşməsi dayanıqlığın uzunmüddətli dövr üçün qorunub saxlanması deməkdir.

Bu sözləri açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə yalnız Azərbaycan üçün deyil, region üçün əhəmiyyətli olan xeyli sayda infrastruktur və investisiya layihələrinin reallaşması ondan xəbər verir ki, Azərbaycan artıq özünün həm nəqliyyat, həm də logistik imkanlarından istifadə etməklə regional gücə çevrilməkdədir:

“Yeni təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti nəinki işğaldan azad olunmuş ərazilərin, bütövlükdə Azərbaycanın inkişafı, eyni zamanda nəqliyyat və logistik xidmətlərin inkişafı baxımından vacib hesab olunur. Uzunluğu 100 km olacaq dəmir yolu xətti Azərbaycan vətəndaşlarının bərpa və yenidənqurmadan sonra işğaldan azad olunmuş ərazilərə gediş və gəlişinin təmin olunmasına, alternativ nəqliyyat xidmətlərinin təklif olunmasına imkan verəcək. Bərpa prosesindən sonra işğaldan azad olunmuş ərazilərimizə qayıtmaq istəyən vətəndaşlarımız kifayət qədər çoxdur. Bu kontekstdə yeni təməli qoyulan dəmir yolu xəttinin əhəmiyyətini qiymətləndirmək çətin deyil.

Dəmir yolu xətti Azərbaycanın, eləcə də qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə artıq formalaşmaqda olan dəhlizin istifadəyə verilməsi baxımından da olduqca vacibdir. Dəhliz bütövlükdə şərq və qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə ondan xəbər verir ki, həm ölkə daxilində Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin, həm də sərnişinlərin sayının artmasını təmin edəcək.

Qeyri-neft sektorunun inkişafı növbəti mərhələdə prioritet istiqamətlərdən biri olacaq. İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun formalaşması o deməkdir ki, Azərbaycan yaxın illərdə beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etmək imkanı qazanacaq. Naxçıvan Muxtar Respublikası ilə dəhlizin açılması və dəmiryolu şəbəkəsinin inteqrasiyası imkan verəcək ki, azərbaycanlı iş adamları istehsal etdikləri məhsulları Naxçıvan bazarına, eləcə də Naxçıvan üzərindən Türkiyə, Türkiyə üzərindən isə Avropaya çıxara bilsinlər.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra yeni dəhlizin formalaşması mövcud infrastrukturun potensialı baxımdan Azərbaycanın regional mövqeyini gücləndirəcək. Bu da ölkə üzərindən daşınan beynəlxalq yükdaşımalara birbaşa təsir edəcək. Təbii ki, qeyri-neft sektorundan ölkə büdcəsinə daha çox valyutanın daxil olmasına imkan yaradacaq”.

V.Bayramov əlavə edib ki, növbəti dövrlərdə də işğaldan azad olunan ərazilərdə həyata keçiriləcək quruculuq işləri məşğulluğun təmin edilməsinə, iqtisadi inkişafın böyüməsinə, bütövlükdə Azərbaycanın coğrafi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password