Türkiyə Ermənistandakı zəlzələdən daha çox Metsamor AES-dən qorxur
Fevralda Ermənistanda baş verən bir neçə zəlzələ, xüsusən fevralın 13-də Yerevanda və yaxınlıqdakı yaşayış məntəqələrində baş verən 4,7 bal gücündəki zəlzələ Türkyənin Iğdır əyalətində əhalini təşvişə salıb. Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini Serdar Ünalın sözlərinə görə, Türkiyədə mütəxəssislər Metsamor AES-in bilavasitə tektonik qırılma xəttində yerləşməsinə diqqət çəkirlər, bu, bütün region üçün böyük təhlükə yaradır. Yeraltı təkanlar nəticəsində bu AES dağılarsa, qurbanların sayı zəlzələnin özü ilə müqayisəolunmaz dərəcədə çox olar.
“Metsamor AES köhnə sovet texnologiyaları əsasında tikilib. 1989-cu ildə 6,9 bal gücündə zəlzələ ilə əlaqədar zədələnib, çatlaqdan radiasiya yayılıb, daha sonra stansiya bağlanıb və təmir işlərindən sonra 1995-ci ildə yenidən açılıb. AES Iğdırdan 15 km, Qarsdan 60 km, Yerevandan 40 km, Azərbaycandan 120 km, həmsərhəd Türkiyə kəndlərindən 100-200 m məsafədə yerləşir.
Metsamor AES saatlı bomba kimidir, istənilən an partlaya, Ermənistan, Gürcüstan, İran və Azərbaycan üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər. 6-7-8 bal gücündə yeraltı təkanlar olarsa, regionda bu AES-in qəzası nəticəsində çoxsaylı tələfat qaçılmazdır. Avropa İttifaqı və AEBA (İAEA) bu stansiyanı dünyadakı AES-lər arasında ən təhlükəli AES adlandırıb. Stansiyaya uran Rusiyaya məxsus təyyarələrlə daşınır.
“Aviasiya qəzası olarsa, nə baş verəcəyini təsəvvür belə edə bilmirəm”, deyə Ünal bildirib.
O, Metsamor AES-in dəhşət və beş region ölkəsinin əhalisi üçün ölümcül təhlükə saçdığını qeyd edərək, onu dərhal dayandırmağa çağırıb.
Yerevanda şənbə günü baş vermiş zəlzələ zamanı iki nəfər sınıq xəsarəti alıb, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ermənistan mütəxəssislərinin qiymətləndirmələrinə görə, şənbə günü zəlzələ baş verən bölgədə gərginlik tədricən azalır. Hazırda afterşokların intensivliyi azalıb.
Ermənistan AES – atom elektrik stansiyası 1969-1977-ci illər ərzində Ermənistan SSR ərazisində, Metsamor şəhəri yaxınlığında tikilib. VVER-440 tipli reaktorları olan iki enerji blokundan ibarətdir. Bir blokun müəyyən edilmiş istilik gücü 1375 MVt, elektrik gücü 407,5 MVt-dır.
Metsamor AES çoxdan narahatlıq üçün əsas verir: o, saxlama konteynerləri olmadan tikilib və seysmoaktiv zonada yerləşir. 2011-ci ildə National Geographic onun dünyada ən təhlükəli atom elektrik stansiyası ola biləcəyini təxmin edib. Qərb, xüsusən də ABŞ həddindən artıq köhnəlmiş və bütün region üçün təhlükə təşkil edən Metsamor AES-in müasirləşdirilməsiə qarşı çıxır, yeni, Fransa və ya ABŞ-ın maliyyə resurslarının və mütəxəssislərinin iştirakı ilə “daha düzgün” AES tikilməsi haqıqnda ideya irəli sürür.
Ermənistan AES-in problemi Azərbaycanı narahat etməyə bilməz, belə ki, mütəxəssislər qeyd edirlər ki, sovet dövründə Ermənistanda nüvə tullantılarının basdırılması üçün heç bir şərait yox idi və o vaxt olduğu kimi, indi də onların emalı texnologiyaları yoxdur. 2000-ci illərin əvvəllərindən Metsamor AES-in reaktoryanı hovuzu dolub, ehtiyat bölməsi də məşğuldur. Qapalı və işləməyən reaktorun hovuzu da uzun illərdir doludur. Yeganə çən fransızların tikdiyi müvəqqəti saxlanc yeridir.
Azərbaycanda hesab edirlər ki, Metsamor AES bütün region üçün saatlı bombadır, Ermənistan özü isə nəhəng nüvə qəbirstanıdır. /turan.az/