Qazaxıstan Kiril əlifbasından imtina edir
Qazaxıstan hökumətinin qərarına əsasən ölkə Kiril əlifbasından Latın əlifbasına keçəcək.
Prosesin tədricən həyata keçirilməsi nəzərdə tutulur. Bu qərar Rusiyada isti qarşılanmır. Təbii ki, Qazaxıstanın Rusiya ilə vacib bağlarından birinin itirilməsi müzakirə mövzusudur.
Türkiyənin “Anadolu” agentliyi isə əksinə, bu prosesi yaxşı başlanğıc hesab edir. Çünki Qazaxıstanın Latın qrafikasına keçməsi Türkdilli ölkələr arasında ünsiyyətə yeni bir ölçü qazandıracaq.
Qazaxıstan 1991-ci ildə müstəqilliyini elan etməsinə baxmayaraq, keçmiş SSRİ-nin bir çox ölkələri kimi, 1940-cı ildən bəri Kiril əlifbasından istifadə edir. Latın qrafikasına keçidlə bağlı qərar da yeni deyil. 2017-ci ildə keçmiş prezident Nursultan Nazarbayev Latın əlifbasına keçid haqqında fərman imzalayıb. Qərardan sonra Milli Əlifba Komissiyası yaradılıb və ölkə daxilində əlifbanın latın qrafikasına çevrilməsi işləri başlayıb.
O vaxtdan bəri ölkədə küçələrin, dükanların, apteklərin və xüsusən dövlət qurumlarının adlarını qazax dilində Latın əlifbası ilə yazmaq praktikası yayılıb.
Bu günlərdə isə mövzu yenidən gündəmə gəlib, prosesi sürətləndirmək üçün tədbirlər görülməyə başlayıb. Xalqın tənqidləri fonunda Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev əlifbanı təkmilləşdirmək barədə göstəriş verib.
Dövlət müstəqilliyinin 30 illiyi ərəfəsində Milli Əlifba Komissiyası Latın dilində milli əlifbanın yenidən işlənmiş versiyasını təqdim edib. 31 əsas hərfdən ibarət yeni qazax əlifbası Qazaxıstanın Baş naziri Əsgər Maminin sədrliyi ilə keçirilən iclasdan sonra xalqa təqdim edilib.
Qazaxıstan Parlamenti Senatının millət vəkili Murat Bəxtiyaruli “Anadolu”-ya verdiyi müsahibədə bildirib ki, o da Milli Əlifba Komissiyasının üzvüdür və yeni əlifba üzərində üç minə yaxın mütəxəssis çalışıb.
Millət vəkili yeni qazax əlifbasının hazırlanmasında türkdilli dövlətlərin təcrübəsinin nəzərə alındığını qeyd edib: “Türkiyə, Azərbaycan, Tatarıstan, Özbəkistan və Qırğızıstandan 18 dilçi ilə birlikdə çalışırıq”.
Onun sözlərinə görə, Qazaxıstanın yeni əlifbaya keçidi heç bir problemə səbəb olmayacaq: “1929-cu ilə qədər köhnə ərəb əlifbasını istifadə edirdik. Sonra Latın əlifbasına keçdik. Və 1940-cı ildən bəri Kiril əlifbasında oxuyur və yazırıq. Mədəni irsimizin itə biləcəyi ilə bağlı narahatlıqlar səsləndirildi. Ancaq 21-ci əsrin texnoloji imkanları ilə bu, sadəcə, ağlasığmazdır”.
O deyib ki, dünyanın inkişaf etmiş ölkələri Latın əlifbasından istifadə edir: “Ölkənin Kiril əlifbasından Latına keçməsi həm sosial-iqtisadi, həm də siyasi baxımdan böyük əhəmiyyətə malikdir. Bu addım qazax dilinin gənc əhali arasında geniş yayılmasında mühüm amil olacaq”.
Qazaxıstanda Kiril əlifbasından Latına keçid prosesinin mərhələlərlə həyata keçiriləcəyini vurğulayan Bəxtiyaruli deyib ki, 2023-cü ildən etibarən ölkədə bütün məktəblər 12 illik təhsil sisteminə keçəcək: “Bu zaman ibtidai məktəbə gedəcək uşaqlar Latın hərflərinə uyğunlaşdırılmış yeni qazax əlifbası ilə təhsil almağa başlayacaqlar”.
Milli Əlifba Komissiyasının üzvü Qarlıqaş Qurmanqalıqızı deyib ki, yeni qazax əlifbası türkdilli ölkələrin əlifbaları ilə ümumidir və və bu, qohum dövlətlər arasında inteqrasiyanın gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.