Azərbaycan İnvestisiya Holdinqi nə məqsədlə yaradılıb? – Ekspert

 

Ötən il Prezidentin fərmanı ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə daha dörd dövlət müəssisi verilib. Dövlət başçısının imzaladığı sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Ümumilikdə AİH-nin tərkibinə 21 dövlət müəssisə daxildir. Bunlar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Metropoliteni” QSC, “AzerGold” QSC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərişıq” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərkosmos” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azər-Türk Bank” ASC, “Azəristiliktəchizat” ASC, “Təmiz Şəhər” ASC, eləcə də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlar – “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Aztelekom” MMC, “Azerbaijan International Telecom” (AzInTelecom)” MMC, “Azərpoçt” MMC, “Bakı Telefon Rabitəsi” MMC, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətidir.

İqtisadçı Elman Sadıqov AİH ətrafında bu qədər müəssisələrin birləşdirməsini zəruri edən səbəbləri izah edib.

Onun sözlərinə görə, sosial statusundan asılı olmayaraq hər kəsə məlumdur ki, adıçəkilən dövlət müəssisələrinin fəaliyyəti qənaətbəxş deyil, səmərəli işləmir və dövlət büdcəsi üzərində yük yaradır:

“Tutaq ki, bir müəssisə 100 min manata qazana bilər, amma 60 min manat qazınır, bu, səmərəliyin aşağı olmasıdır. Səmərə təkcə gəlir və zərərdən ibarət deyil. Səmərəlilik həm də mənfəətin maksimum həddə çatdırılmasından ibarətdir. Adıçəkilən bütün müəssisələr rentabelli işləmirdi, zərərdə olan bu qurumlar dövlətdən dotasiyalar alırdılar. Dövlət bundan sonra həmin dotasiyaları vermək gücündə deyil və olmayacaq da. Yəni indiyə qədər yüksək neft qiymətləri və hasilatı sayəsində bu dotasiyalar dövlət üçün o qədər də yük hesab olunmurdu.

Ona görə də bu şirkətlərə dotasiyalar ayrılırdı, ucuz kreditlər verilirdi. İndi həm hasilat, həm də qiymətlər aşağı düşüb. Devalvasiyadan sonra neft qiymətlərinin aşağı düşməsi, xüsusən Dövlət Neft Fondunun neftdən gələn gəlirləri 4 dəfədən çox aşağı düşməsi, nəticə etibarilə dövlətin bu müəssisələri davamlı şəkildə subsidiyalaşdıra bilməməsinə gətirib çıxardı.

Bu məsələlər 2015-cı ildə üzə çıxdı. Maraqlıdır, 2021-ci ilə qədər bu müəssisələrin idarəetməsində hər hansı bir prinsiplər dəyişdimi? Rentabelliyin yüksəldilməsi üçün hansı addımlar atıldı?

Təəssüf ki, yanaşma tərzi dəyişmədi. Bu müəssisələrin bir çoxu 2015-ci ildən əvvəl necə səmərəsiz və rahat bir şəkildə dövlətin boynundan asılaraq fəaliyyət göstərirdilərsə, dövlət gəlirlərinin aşağı düşməsinə baxmayaraq fəaliyyətlərini o şəkildə də davam etdirdilər. Göründü ki, artıq iqtisadi gerçəklik nəzərə alınmır, məsuliyyət hissi yüksəlmir, işə peşəkar yanaşma ortaya qoyulmur, kooperativ idarəetmə tətbiq olunmur, bu müəssisələrdə qərarları bir-iki nəfər verir. Bu gün AİH ətrafında bu qədər müəssisələrin birləşdirməsinin əsas səbəblərindən biri bu gedişata “dur” deməkdir”.

İqtisadçı deyir ki, hazırda bir çox dövlət müəssisələrində müasir standartlara cavab verən idarəetmə üsulu yoxdur: “Həmçinin bu müəssisələrdə optimal qiymət tətbiqi, xərclərin optimallaşdırılması, kooperativ idarəetmə, risk menecmenti, normal marketinq yanaşması, peşəkar səviyyədə analizlər yoxdur. Halbuki iqtisadi sahədə fəaliyyət göstərən şirkətlərdə bunların olması vacib şərtdir. Bu müəssisələrin içində nisbətən SOCAR müəyyən kadrlar yetişdirib. Həmin peşəkar kadrların səsi də SOCAR-ın əhatə dairəsində az eşidilib. Digər müəssisələrdə isə ciddi hesablamaların ortaya qoyulduğunu müşahidə etməmişəm”.

Elman Sadıqov ehtimal edir ki, mərkəzləşdirilmiş idarəetmə mexanizmi yaradıla bilər: “Sadəcə olaraq hər şirkət işləyib fəaliyyətin davam etdirəcək. Həmin şirkətlərdə ilk öncə xüsusilə xərclər hissəsinə və səmərəlilik, rentabellik məsələlərinə nəzarət mexanizmi gücləndirilməlidir.

İkincisi, həmin şirkətlərin mənfəətli çıxması üçün hansı tədbirlərin görülməsi məsələsi müzakirə olunmalıdır. Ümumiyyətlə, bu şirkətlərdə idarəetmədə yanaşma prinsipi dəyişməlidir. Bunu isə zaman göstərəcək. AİH vahid konsepsiya ortaya qoya bilər. Həmin şirkətlərdə marketinq, risk menecmenti, maliyyə ölçmə, analiz, təhlillər kimi məsələlər yenidən formalaşmalıdır. Bu yanaşma həmin müəssisələrin səmərəsiz fəaliyyətini, zərərini obyektiv üzə çıxaracaq. Əgər bir şirkətdə səmərəli xərcləmə yoxdursa, nə qədər qazansa da, tarifləri nə qədər yüksəltsə də, yenə səmərəsi olmayacaq. Çünki gəlir artdıqca səmərəsiz xərcləmə yanaşması ilə həmin gəlirlərə yenə də bir xərc tapılacaq”.

Analitik deyir ki, bu kimi şirkətlərdə gəlirləri artırmağa fokuslanmaq narahatlıq yaradan məqamlardandır: “Gəlirlərin artırılmasına fokuslanmaq bir çox hallarda həmin şirkətlərdə xərcləri və digər nüansları diqqətdən kənarda saxlayır. Bu baxımdan AİH həmin şirkətlərdə idarəetməni kökündən dəyişəcək, kooperativ idarəetmə standartları olacaq.

Təəssüf ki, bir çox müəssisələrdə riskin əhəmiyyəti dərk olunmur. Şirkətlərin əksəriyyətində risk qrupu formal olaraq var. Marketinq məsələləri səbəbindən hazırda ixracda, müştəri məsələlərində, alternativ bazarların tapılmasında problemlər yaşayırıq. Təəssüf ki, müasir kooperasiyalarda, özəl və dövlət təşkilatlarında istifadə olunan metodologiyalar yerli şirkətlərdə ya tətbiq olunmayıb, ya da nəzərə alınmayıb”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password