“Bu gün Şuşaya gedib Malıbəyliyə gedə bilməməyimiz bizi çox ağrıdır…”

 

1992-ci il fevral ayının 11-də Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunun Malıbəyli və Quşçular kəndini işğal etdiyi gündür. Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərinin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular və Nəbilər kəndləri üzərinə hücuma keçmiş, üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də həmin kəndlər işğal edilmişdir. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilmişdir. İşğal nəticəsində həmin kəndlərin 30-dək dinc sakini qətlə yetirilmiş, əsir götürülmüş, yüzlərlə sakin yaralanmışdır.

Adları çəkilən kəndlərin düşmən mühasirəsindən çıxarılmasında böyük rolu olmuş tanınmış Qarabağ qazisi, istefada olan kəşfiyyatçı polkovnik Azay Kərimov doğma yurdunun işğalı günündə keçirdiyi hissləri belə ifadə edib:

“1990-cı ildən Rusiyada zabit kimi xidmət etdiyim sovet ordusundan qaçıb  doğma Şuşamın, ata yurdum Malıbəyli kəndinin erməni quldurlarından müdafiəsinə qoşuldum. 1992-ci ilin fevralın 9-12-də  Malıbəyli ilə yanaşı, Yuxarı Quşçular, Aşağı Quşçular və Nəbilər kəndlərinin sakinlərinin də kütləvi qırğından xilas olunub 45 km məsafədəki Ağdam rayonunun Abdal-Gülablı kəndinə gətirilməsi üçün əlimdən gələni etdim. Bu haqda çox deyib, yazmışıq. Təkrar danışmaq istəmirəm…

Nə yazıqlar ki, sonunda gözləmədiyimiz ixtilaf və xəyanətlərin ucbatından Şuşa itkisinin də şahidi olduq və tamamilə didərgin düşdük… Nəhayət, Milli Ordumuzun  minlərlə oğlunun canı-qanı, şəhidliyi, qaziliyi bahasına Şuşamız erməni işğalından azad edildi. Buna görə Ali Baş Komandana, Milli Ordu komandanlığına, şəhid ailələrinə, qazilərimizə, dövlətimizə, xalqımıza sonsuz minnətdarıq.  Lakin təəssüf ki, bu gün Şuşaya yolumuz açılsa da, hələlik Malıbəyli, Quşçulara, Nəbilərə yolumuz açılmır. Uğrunda onlarla şəhid verdiyimiz o doğma kəndlərimizdə hələ də ermənilər yaşayır. İnternet proqramları vasitəsilə izləyirəm; Malıbəyli də ermənilər özləri üçün böyük, yaraşıqlı, çarhovuzlu-filanlı evlər tikib rahat yaşayırlar. Hazırda, demək olar ki, bu kəndlə Xankəndinin arası birləşib…  Amma o kəndlərin əsil sahibləri oraya gedə bilmir. Orada şəhid qardaşlarımız uyuyur. Gedib onları ziyarət edə bilmirik. Hər il Bakıda bu kəndlərin işğal gününü, şəhidlərimizi anırdıq. Təəssüf ki, bu gün bildiyimə görə, heç bir tədbir keçirilmir… Bütün bunlar bizlərə çox ağır təsir edir.  İnşallah, gün gələr,  digərləri kimi  biz də dövlətimizin köməyi ilə kəndlərimizə dönərik…”. /moderator.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password