İlham Əliyev: BP bizim strateji tərəfdaşımızdır

BP bizim strateji tərəfdaşımızdır.

Bunu Prezident İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir. Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır. Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. “Əsrin müqaviləsi”nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir. Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var. BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir. Yeri gəlmişkən, iki gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclası keçiriləcək. Bu iclasda biz nailiyyətləri nəzərdən keçirəcəyik və gələcək əməkdaşlığa ümid bəsləyəcəyik. Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır – demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password