Dizel 34%, su 100%, ərzaq 10-30% bahalaşıb, pensiyalar 11,4% qalxıb…
“Ayın əvvəlində dizelin qiymətinin 34%-ə yaxın artması bütün ərzaq məhsullarının ortalama 10% civarında, bəzi məhsullarda 20-30% bahalaşmasına səbəb olub”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert bahalaşmanın davam edəcəyini deyib:
“Yazdan başlayaraq yerli aqrar məhsullar artıq yeni, 2020-ci ilin yaz-yayına nisbətən daha baha qiymətə bazara çıxarılacaq. Çünki aqrar sektorda maya dəyərinin 30-40%-ni məhz dizel yanacağı təşkil edir”.
O bildirib ki, Prezidentin fərmanına görə, ölkə üzrə təqaüdçülərin 93%-nin, 1 milyon 143 min nəfərinin pensiyası 11,4% artırılır:
“Artım yanvarın 1-dən hesablanır, fevralda təqaüdü alarkən yanvar ayının artım məbləği də hesablanacaq. Təqaüdün yığım hissəsi isə (DSMF-də yığılan) 2,8% inteksləşəcək, artırılacaq. Bu artımlar üçün əlavə 441 mln. manat, ümumilikdə isə 2021-ci ildə təqaüd və müavinətlərə 5 milyard 743 milyon manat xərclənəcək. Suyun qiymətinin 100%, ərzağın isə 10-15% artması təqaüd artımını bəri başdan “yeyir”. Qarşıda isə bizi qaz-işıq qiymətlərinin, nəqliyyat tariflərinin artması gözləyir”./qaynarinfo/