“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması, Böyük Qayıdış Gənclər Təşkilatının tərəfdaşlığı ilə Qarabağ bölgəsindən olan gənclər üçün “De-Qayıdış” Debat Müsabiqəsi həyata keçiriləcək.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Gəncləri günü münasibətilə 100-dən çox gəncin iştirakı ilə fevralın 4-də keçirilən “De-Qayıdış” Debat Müsabiqəsinin açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, Milli Məclisin deputatları Ceyhun Məmmədov, Vüqar Bayramov, Şahin Seyidzadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Qarabağ qazisi Əhliyyət Mehdiyev çıxış edib.
Mərasimdə açılış nitqini edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova müsabiqənin məqsədinin Prezident İlham Əliyevin “Böyük Qayıdış başlayır” ifadəsinin gənclər tərəfindən dəstəklənməsi, Qarabağ həqiqətlərini dünyaya çatdırması, beynəlxalq və yerli platformalarda gənclərin təmsil olunması üçün Qarabağ gəncləri arasında natiqlik mədəniyyətini inkişaf etdirmək, onların, qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclər siyasətinin əsasını qoymasını, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində sağlam düşüncəli, intellektual, vətənpərvər, milli ruhda olan Azərbaycan gəncinin formalaşmasına etdiyi çağırışları qeyd edib, debat təşkilatının gənclərin inkişafına oynadığı roldan danışıb.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev çıxışı zamanı Qarabağ bölgəsində natiqlik mədəniyyətinin yüksək olması, bu bölgənin yetişdirdiyi mütəfəkkirlərin tariximizdəki rolunu və Qarabağ gəncləri üçün keçirilən bu müsabiqənin onların natiqlik bacarıqlarının, Qarabağ haqqında biliklərinin artmasına şərait yaradacağını qeyd edib.
“Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Qarabağ qazisi Əhliyyət Mehdiyev Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan qələbədə gənclərin rolundan, qəhrəmanlığından həmçinin, gənclərin milli ruhda inkişafı üçün debat layihələrinin həyata keçirilməsinin yüksək əhəmiyyətdən bəhs edib.
Mövzusu Qarabağa həsr olunan müsabiqəyə Qarabağ bölgəsindən olan gənclər seçiləcək və fevral-aprel ayları əhatə olunacaq. Seçilən 66 gənc üçün peşəkar debat və natiqlik təlimləri, tərəfdaş və ekspertlərlə görüşlər və debatlar həyata keçiriləcək.
Debat müsabiqəsinin mərhələlərindən xəbərdar olmaq və qoşulmaq üçün təşkilatın (DVC) facebook və instagram səhifələrini izləyə bilərsiniz.