Çingiz xanın ölüm səbəbi ilə bağlı yeni fərziyyə irəli sürülüb
Arxeoloq, tibbi işçisi, tarixçi və antropoloqlardan ibarət beynəlxaq alimlər komandası görkəmli monqol hökmdar və sərkərdə Çingiz xanın, əsrlər boyu deyildiyi kimi, qan itkisi və ya başqa səbəblərdən yox, bubon taunundan öldüyünə dair araşdırma təqdim edib.
Məqalə “International Journal of Infectious Diseases”ın yanvar sayında dərc olunub.
Çingiz xan 1227-ci ildə vəfat edib. Həmin dövrdə Monqol İmperiyası sahəsinə görə Roma İmperiyasını 2,5 dəfə üstələyib. Bununla belə, tarixin ən böyük sərkərdələrindən sayılan Çingiz xanın harada dəfn olunması məlum deyil. Onun ölüm səbəbi də çoxlu suallar doğurub.
Yeni araşdırmada sərkərdənin ölümü ilə bağlı yeni hipoteza irəli sürülüb. Fərziyyə Çindəki Min sülaləsinin hakimiyyət dövrünə düşən qədim mətnin təhlilinə söykənib. Orada qeyd olunub ki, 1227-ci il avqustun 18-dən 25-dək Çinə qarşı son hərbi kampaniyanın getdiyi əsnada Çingiz xanın qızdırması olub. Manuskriptdə yazılana görə, xəstəlik başlayandan 8 gün sonra məhz qızdırma onun həyatına son qoyub. Daha öncə araşdırmaçılar bu faktı qeyd ediblər, lakin onlar Çingiz xanın qarın yatalağı tutduğunu güman edirdilər. Yeni tədqiqatda müəllif kollektivi qədim əlyazmada adıçəkilən xəstəliyin tipik simptomları, məsələn, qarınağrısı təsvirlərinin olmamasını bildirib.
Sonucda elm adamları Çingiz xana xəstəliyinin yalnız klinik əlamətlərinə görə deyil, Monqolustan qoşunlarında və düşmənləri arasında o dönəmdə geniş yayılan xəstəliklər haqqında məlumatları incələyərək yenidən diaqnoz qoyublar. Tədqiqata Çingiz xanın hakimiyyəti dövründə yoluxucu xəstəliklərin alovlanması barədə yeni əldə edilmiş arxeoloji məlumatlar da yardımçı olub.
Araşdırmaçıların fikrincə, manuskriptdə təsvir olunan simptomlar həmin dövrdə geniş yayılan bubon taununun əlamətləri ilə üst-üstə düşür. Sözsüz, sərkərdənin nəşi bu gümanı təsdiqləyə bilərdi, ancaq onun axtarışları hələ də davam edir.
“Meyitin olmamasına görə ölümün dəqiq səbəbindən 100 % əmin ola bilməsək də, deyə bilərik ki, bu klinik ssenari daha realistikdir və tarixi diqqətə layiqdir, nəinki digər uydurma hipotezalar”, – araşdırmanın həmmüəllifi, Avstraliyanın Flinders Universitetinin həkim və paleopatoloqu Françesko Qalassi söyləyib.
Alim bildirib ki, qədimdə saray həkimləri tez-tez hökmdarların ölümü ilə bağlı əfsanələr uydururdular. Bu xüsusilə müasir Çin və Monqolustan ərazisində var olmuş dövlətlərə xas olub. Səbəblər isə müxtəlifdir: bəzən məqsəd ölən hökmdarın adını ləkəmək və ya ucaldaraq onu tanrı səviyyəsinə çatdırmaq olub.
Çingiz xanın ölümü haqqında hələ qədim dövrlərdən əfsanələr gəzib. Əfsanələrdən birində deyilir ki, o, Çinin şimal-qərbindəki tanqut, tibet-birman tayfalarına qarşı yürüş zamanı bıçaqlanaraq qan itkisindən ölüb. Başqa əfsanəyə görə, hökmdar atdan yıxılaraq aldığı travmalardan dünyasını dəyişib. Digərində isə Çingiz xanın Qərbi Sya dövlətinə qarşı döyüşdə zəhərli oxa tuş gəldiyi söylənilir.
“Şaşırdıcı, qeyri-adi ölüm səbəbləri müstəsna şəxsiyyətlərin adına yazılır, halbuki yoluxucu xəstəliklər kimi ümumi səbəblər axtarmaq daha ağlabatandır. Bütövlükdə, hələ ki heç kəsdə bu əfsanələri təsdiq edəcək sübut yoxdur”, – F.Qalassi bildirib.