Azərbaycan 2020-ci ilin dekabrın 31-dən başlayaraq Avropaya qaz ixrac edir. Plana uyğun olaraq qaz ixracı tədricən artırılaraq 10 milyard kubmetrə çatdırılacaq.
Avropaya qaz nəqli Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra mümkün olub. Bu layihə 3 hissədən ibarət olub, özündə Cənub Qafqaz qaz boru kəmərini (Bakı-Türkiyə sərhəddinə qədər olan hissə), TANAP (Türkiyə) və TAP-ı birləşdirir. Bakı-Tbilisi-Ərzurum kəməri əvvəllər mövcud olub və sonralar ötürücülük qabiliyyəti artırılıb. TANAP 2018-ci ildən istifadəyə verilib və Azərbaycan qazını Türkiyənin şərq, mərkəz və qərb hissəsinə çatdırır. 2020-ci ilin oktyabrında TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizi layihəsinin inşaası tamamlandı və Azərbaycan qazının Avropanın 3 ölkəsinə – Yunanıstan, Albaniya və İtaliyaya nəqli imkanı yarandı. Artıq dekabrdan başlayaraq Azərbaycan Avropaya qaz satır.
Avropaya qaz nəqlinin təmin edilməsi bir neçə dövlətlə əməkdaşlıq hesabına mümkün olub. Bu dövlətlər arasında İtaliyanın xüsusi yeri var. Belə ki, Avropaya nəql ediləcək qazın əsas hissəsini məhz İtaliya alacaq. TAP Yunanıstan, Albaniya və İtaliyanı qaz kəməri vastisilə birləşdirir. İtaliya TAP-la ötürüləcək qazın daha çox hissəsini götürəcək.
TAP-la əlaqədar Azərbaycan-İtaliya əməkdaşlığı nümunəvi xarakter daşıyıb. Bu layihə ilə bağlı ideya ilk dəfə 2006-2007-ci ildə irəli sürüləndə kəmərin keçid əraziləri ilə bağlı müxtəlif layihələr mövcud idi. Bəzi layihələrdə kəmərin Yunanıstandan deyil, Bolqarıstan və Makedoniyadan keçirilməsi təklif edilirdi. Kəmərin trayektoriyası ilə bağlı fərqli təkliflər olsa da son nöqtə kimi İtaliya seçilirdi. İtaliyanın seçilməsi Azərbaycanla bu ölkə arasında enerji sahəsində formalaşan yüksək əməkdaşlıqla bağlı idi. Ölkəmiz 2006-cı ildən böyük həcmdə neft ixracını həyata keçirir və indiyə qədər neftimizin əsas alıcısı İtaliyadır. Uzunmüddətli və nümunəvi əməkdaşlıq ölkələrimizin bir-birinə tərəfdar kimi önəm verməsinin əlamətidir.
Neft satışında sınaqdan keçən əməkdaşlıq qaz satışında da özünü göstərdi. Qaz satışı uzunmüddətli və ikitərəfli müqavilələrin bağlanmasından asılıdır. Azərbaycan İtaliya ilə bağlı neft satışında əldə etdiyi nümunəvi əməkdaşlığı qaz satışına da tətbiq etdi.
Artıq İtaliya Azərbaycanda da qaz alır. Ölkəmiz 2023-cü ilin sonuna qədər İtaliyaya qaz ixracını artıracaq, sonra uzun müddət stabil səviyyədə qalacaq.