Subsidiyadan nə xəbər? – “Dəstək olmasa, qiymətlər bahalaşacaq…”
Bu ilin yanvar ayının 4-də Tarif Şurasının qərarı ilə dizel yanacağının qiyməti təqribən 33 faiz bahalaşdı. Qurumun həmin qərarının açıqlandığı rəsmi məlumatda qeyd edilirdi ki, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaq.
Tarif Şurasının katibi Ceyhun Nəcəfov da dizel yanacağının bahalaşmasının kənd təsərrüfatına mənfi təsir göstərəcəyi barədə ehtimalları şərh edərkən bildirmişdi ki, onun qarşısını almaq məqsədilə müəyyən qabaqlayıcı tədbirlər nəzərdə tutulur: “Dizel qiymətinin artımının kənd təsərrüfatı sahəsinə mənfi təsir edəcəyi gözlənilmir. Belə ki, kənd təsərrüfatında fermerlərə verilən subsidiyaların məbləğinə yenidən baxılacaq”.
Artıq Tarif Şurasının həmin qərarından bir ay keçir. Hökumət subsidiyaların məbləğinə yenidən baxacaqmı? Yoxsa bu məsələ artıq gündəlikdə yoxdur?
Bu suallara, hələlik, hökumətdən aydınlıq gətirmək mümkün olmayıb. Milli Məclisin deputatı Aqil Abbas da bu məsələnin nə yerdə olduğunu bilmədiyini söyləyir.
“Əgər əlavə subsidiyalar verilsəydi, xəbərimiz olardı. Deməli, hələ vermirlər, hələ fikirləşirlər”, – o, “Turan” agentliyinə bildirib.
Deputat xatırladıb ki, benzin və dizel yanacağının bahalaşmasından əvvəl dövlət kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərə güzəştli yanacaq verib: “Bundan əlavə, artezianı işlətməsinə görə fermerlərdən işıqpulu alınmır. Arteziana görə fermerlər dövlətə pul ödəsə, kənd təsərrüfatı məhv olub gedər. Çünki orada elektrik enerjisi çox işlənir, fermer gərək onda öz malını satıb yalnız bunu ödəsin. Yəni, müəyyən güzəştlər kənd təsərrüfatında var və bunun hesabına kənd təsərrüfatı bir az dirçəldi”.
Deputat hesab edir ki, yanacağın bahalaşması digər sahələrdə də qiymətlərin artımını şərtləndirir: “Əlavə subsidiyaların verilməməsi üçün qiymət artımı olmamalıdır. Məndən olsa, yanacağın qiyməti heç qalxmasın, çünki yanacağın qiyməti qalxırsa, hər şeyin qiyməti qalxacaq. Hər şey yanacaqdan asılıdır. Traktorlar, kombaynlar dizel yanacağı ilə işləyir. O bahalaşırsa, fermer da öz məhsulunun qiymətini artıracaq. Məndən olsa, qiymətlərini qaldırmaq lazım deyil. Bəli, dövlət müharibədən çıxıb, dövlətin maddi ehtiyacı var. Bunu açıq demək lazımdır”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli də”Azadlıq” radiosuna bildirib ki, əlavə subsidiyaların verilməsindən heç bir xəbər yoxdur.Ekspertə görə, dizel yanacağının bahalaşmasından sonra fermerlər artıq ziyanla işləyirlər: “Bizim apardığımız hesablamalar göstərir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları dizel yanacağı üçün 69 milyon manat daha çox pul xərcləməli olacaqlar. Bu, çox böyük rəqəmdir. Lakin bu rəqəmin daha yüksək olacağı gözlənilir, çünki hər il yanacağın istifadəsi artır”.
V.Məhərrəmli deyir ki, subsidiya verilməsə, məhsulun maya dəyəri bahalaşacaq, amma fermerlər onun qiymətini qaldıra bilməyəklər: “Bu da insanların alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır. Belə olan halda fermerlər daha böyük ziyana düşəcək”.
Taxılçılıqla məşğul olan, ancaq adının çəkilməsini istəməyən bir fermer bildirib ki, subsidiyaların artması barədə ona hələ ki, heç nə deyilməyib: “Dizel yanacağının bahalaşmasından sonra taxılın becərilməsi üçün hər hektarda yanacaq xərci 10 manat artıb. Üzüm sahələrinin becərilməsi üçün isə xərc artımı hər hektar üzrə 25 manat təşkil edir”.
Fermerin sözlərinə görə, dizelin bahalaşması bütün sahələrə təsir edir: “Texniki vasitələrlə fermerlərə xidmət göstərən şəxslər hər hektar üçün qiyməti 33 faiz artırır. Hər şey bahalaşır, toxumun da qiymətləri bahalaşır. Qiymət artımına qədər 1 ton məhsulu 100 manata bazara daşımaq mümkün idisə, bundan sonra həmin xərc ən azı 120-130 manat təşkil edir. Bütün bunlar məhsulun maya dəyərinə təsir göstərir”.