Ermənistanı Türkiyə ilə müqayisə etdi, ağlamalı vəziyyət yarandı

Türkiyənin Azərbaycana dəstəyi Ermənistanın gündəmindən düşmür.

Yerli media, ekspertlər, vəzifəli şəxslər, elm adamları tez-tez bu mövzuya qayıdırlar. Hazırda orada Türkiyəyə müqavimət barədə boş-boş söhbətlər getsə də, zaman-zaman praqmatik adamlar ortaya çıxır və xəyalları darmadağın edir.

Bu dəfə Ermənistan Milli Elmlər Akademiyasının prezidenti, akademik Radik Martirosyan xəyalpərəstləri yuxudan oyadıb. O, Türkiyənin maliyyə durumuna diqqəti çəkərək Ermənistanla müqayisə edib. Doğrudur, Radik Martirosyan həm də öz maraqlarından çıxış edib. Çünki söhbət Ermənistanda elm sahəsinə ayrılan büdcə vəsaitlərindən gedir. Məbləğin az olmasından narazı qalan akademik bu büdcə ilə onlardan “elmi kəşflər” gözləməyin mənasız olduğunu deyib. Türkiyə ilə müqayisələr zamanı isə Ermənistan üçün ağlamalı vəziyyət yaranıb.

“Türkiyədə ÜDM-in 2 faizi həcmində vəsait elm sahəsinə xərclənir. Ermənistanda bu rəqəm 0,25 faizə bərabərdir”,- deyə Radik Martirosyan bu gün Ermənistanın Milli Məclisində “Elm təhlükəsizlik və inkişafın dayağı kimi” mövzusunda keçirilən parlament dinləmələri zamanı deyib.

O Ermənistanda elmin maliyyələşdirilməsi ilə bağlı vəziyyəti Türkiyə ilə müqayisə edib. Akademik deyib ki, Türkiyə onların başına gələn “fəlakət”i hazırlamaq üçün Ermənistanın 10 illik elm büdcəsi qədər vəsait xərcləyib. “Fəlakət” dedikdə isə “Bayraktar” pilotsuz uçan aparatlarını nəzərdə tutub.

“Bəzi məlumatlara görə, Türkiyədə “Bayraktar”ın yaradılması üçün elmi fəaliyyətlərə təxminən 270 milyon dollar xərclənib. Bu 270 milyon dollar Ermənistanın son 10 ildə ümumilikdə elm sahəsinə ayırdığı vəsait qədərdir”,- deyə Radik Martirosyan deputatların ümidlərini qırıb.

Azərbaycanın apardığı son 44 günlük aktiv əməliyyatların gedişatını və nəticəsini qiymətləndirən akademik Ermənistan tərəfinin Azərbaycanın istifadə etdiyi yeni texnologiyalara məğlub olduğunu vurğulayıb.

Martirosyan bu nəticələrdən çıxış edərək rəhbərlik etdiyi sahəyə daha çox vəsaitin ayrılmasını istəyib: “Ümid edirik ki, son bir ildə həyatımızda baş verən həqiqətlər elmə yanaşmalarımızı əhəmiyyətli dərəcədə dəyişdirmək və əhəmiyyətli bir müvəffəqiyyət əldə etmək üçün bizi maraqlandıracaq”.

Milli Elmlər Akademiyası Prezidentinin sözlərinə görə, elmi inkişaf etdirmək və gələcəkdə mümkün 5-ci nəsil savaşda müqavimət göstərmək üçün yalnız lazımi maliyyələşmə deyil, həm də müvafiq insan resursları, yüksək səviyyəli beynəlxalq əməkdaşlıq və elmə yüksək səviyyədə dövlət dəstəyi lazımdır.

Tədqiqatçıların maddi təhlükəsizliyindən danışan Radik Martrosyan Milli Elmlər Akademiyasının alimlərinin 100 min dram (328 Azərbaycan manatı – red.), akademiya işçilərinin üçdə iki hissəsinin isə minimum əmək haqqı həcmində aylıq ödəniş aldığını söyləyib.

Qeyd edək ki, 2021-ci ilin yanvarından Ermənistanda minimum əmək haqqı 68.000 dramdır (222 Azərbaycan manatı – red.)./bizimyol.info/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password