Mədəniyyət işçisi olan qazilər MM-ə gəldi
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin qazisi olan bir qrup mədəniyyət işçisi ilə Mədəniyyət Komitəsində görüşüb.
Millət vəkili qaziləri tarixi zəfər münasibəti ilə təbrik edib, səhhətləri, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.
Millət vəkili xalqımızın qazilərimizlə qürur duyduğunu vurğulayıb:
“Sıralarında döyüşdüyünüz Ordumuzun rəşadəti sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”.
Qazi mədəniyyət işçilərinə Mədəniyyət Komitəsi adından təbrik və təşəkkür məktubu təqdim edilib.
Mədəniyyət işçisi olan qazilər – Balakən rayon 1 saylı şəhər sənətkarlıq klubunun müdiri Turan Tofiq oğlu Musayev, Dövlət Filarmoniyasının əməkdaşı Firdovsi Təvəkkül oğlu Eyvazov, “Dublaj” studiyasının əməkdaşı Ömər Roman oğlu Mirzəxanov, Yevlax şəhər 6 saylı Diyarşünaslıq klubunun metodisti Ələmdar Firidun oğlu Quliyev, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət mahnı və rəqs ansamblının üzvü Fərrux Ziya oğlu Həsənov, İsmayıllı Regional Mədəniyyət Iİdarəsinin əməkdaşı Orxan Rəcəb oğlu Babazadə, C.Cabbarlı adına Lənkəran şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin təsərrüfat müdiri Cəmaləddin Əli oğlu Şahməmmədov, Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin müəllimi Məsim Nazim oğlu Məsimzadə Q.Paşayevaya səmimi görüş üçün təşəkkür edib.