Fazil Mustafa: “Müharibə iştirakçıları arasında belə bir müqayisə yolverilməzdir”

 

Son dönəmlərdə 44 günlük Vətən müharibəsi qəhrəmanlarına verilən imtiyazlar, edilən güzəştlər müxtəlif fikir ayrılıqlarına səbəb olub. Bir çox insanlar Birinci Qarabağ və İkinci Vətən müharibəsi iştirakçıları, qaziləri arasında ayrı-seçkiliyin olduğunu düşünürlər. Baxmayaraq ki, onların hər biri vətən üçün eyni dərəcədə xidmət edib. Bəs edilən güzəştlər həm birinci, həm də ikinci Vətən müharibəsi qəhrəmanlarına aid edilməməlidirmi?

Bu barədə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, müharibə iştirakçıları arasında belə bir müqayisə yolverilməzdir: “Təəssüf ki, bu cür müqayisəyə hətta jurnalistikamızda da rast gəlmək olur. Bir dövr Aprel şəhidləri xüsusi qabardılırdı, digər şəhidlər arxa planda qalırdı. İndi də sonuncu qələbəyə görə Vətən müharibəsi şəhidləri qabardılır. Əslində bu, yolverilməz haldır. Ümumiyyətlə, bu, 30 ilin müharibəsidir. Qələbə də olub, məğlubiyyət də. Ancaq bunların hamısına eyni gözlə baxılmalıdır. Birinin rolunu qabardıb, digərininkini azaltmaq olmaz. Kimsə qalib gəlib, kimisi yox. Amma əsas odur ki, onlar vətən yolundan canlarından keçiblər. Bunu fərqləndirmək, hansısa kateqoriyalara bölmək yalnışdır. Ancaq təəssüf ki, bizdə bu tendensiya unudulur. Eyni zamanda, qazilərə də eyni münasibətdə baxılmalıdır. Məsələn, Türkiyəyə baxaq. Orda bu qədər medal, orden yoxdur. Türkiyədə təkcə şərəfli şəhid və qazi adı var. Biz sanki medallaşan, ordenləşən şəhidlik, qazilik insitutu yaradırıq. Bu, yalnış yoldur. Bu məsələdə xeyli boşluqlarımız var və bu boşluqları da doldurmasaq yaxşı bir ənənə qoymayacağıq”.

Deputat eyni zamanda bildirib ki, dövlət tərəfindən də Vətən müharibəsi iştirakçıları üçün müəyyən addımlar atılır: “Diqqət edirsinizsə, dövlət tərəfindən də müəyyən addımlar atılır, ev verilir, müəyyən müavinətlər ayrılır. İndi kiçik bir nöqsan olanda, onun tələb edilmə forması da o səviyyədə olmalıdır ki, şəhidin adına yaraşsın. Vətən üçün ölən də, yaralanan da döyüşə gedərkən hansısa medalı, imtiyazı düşünərək getməyib. Yaxınları da bu cür davranmalıdırlar. Eyni zamanda dövlətin də durumunu başa düşmək lazımdır ki, dövlət sadəcə, bu məsələrlə məşğul olmur, bununla paralel Qarabağın bərpası ilə də məşğuldur. Ora da yüzlərlə vəsait xərclənir. Ona görə bu torpağı azad etmişik ki, ona sahib olaq. Ona görə də bu baxış dəyişməlidir, bütün şəhidlərimiz, qaizlərimiz bizim üçün əzizdir və onlara eyni münasibət bəslənməlidir”./cebhe.info/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password