“Azərbaycan kinosunun problemlərini ayağımızın altına yığsaq, başımız göyə dəyər…”

“Bizim bu gün dünya kinosuna çıxarmalı olan məhsulumuzu yarada bilən insanlarımız çoxdur. Sadəcə olaraq bunun idarə olunmasında, təşkilatında çox böyük qüsurlar var. Bu təşkil olunmalı, istedadlı adamlar bir yerə yığılmalı və heç kəsin təsiri altına düşməməlidir”
Bunu açıqlamasında aktyor Azad Şükürov deyib. Aktyor Azərbaycanda Kino Agentliyinin yaradılmasının vacib olduğunu bildirib:
“Azərbaycanda Kino Agentliyinin yaradılması çox doğru bir məqamda atılmış və bir az da gecikmiş addım ola bilər. Prosesin gedişatı necə olacaq, o agentliyə kimlər rəhbərlik edəcək, necə işləyəcək, ondan çox şey asılı olacaq. Amma belə bir agentliyin yaradılmasına uzun zamandır böyük ehtiyac var idi. Çünki Azərbaycanda kino yarada biləcək mütəxəssislər çoxdur. Məsələn, operator, rejissor, ssenarist, aktyor, kino bəstəkarı kimi gənclərin arasında kifayət qədər istedadlı və səviyyəli şəxslər var. Əgər kimsə bunları tanımırsa, bir yerə yığışaq mən o siyahını ortaya qoyum. Yəni bizim bu gün dünya kinosuna çıxarmalı olan məhsulumuzu yarada bilən insanlarımız çoxdur. Sadəcə olaraq bunun idarə olunmasında, təşkilatında çox böyük qüsurlar var. Bu təşkil olunmalı, istedadlı adamlar bir yerə yığılmalı və heç kəsin təsiri altına düşməməlidir. Azərbaycan deyilən bir ölkənin, xalqına adına layiq filmlər ortaya çıxmalıdır. Axı bizim tariximizdə belə filmlər var. Respublikanın özündə və xarici ölkələrdə təhsil alan bizim insanlarımız var. Bununla yanaşı, yaşlı nəslin arasında da kifayət qədər samballı kino mütəxəssislərimiz var. Bunların hamısının normal idarə olunmasına çox böyük ehtiyac var. Tamahını arxa planda qoyan, maddiyyata göz dikməyən və Azərbaycan kinosuna xidmət etmək istəyən müəyyən insanların bir yerə toplaşması çox vacib bir məsələdir.
Çox istəyərdim ki, o agentlik Azərbaycana gələn filmlərin dublyaj məsələsinə də fikir versin. Bu aktual bir məsələ kimi agentliyin qarşısında qoyulsun. Orda bununla bağlı bir şöbə yaradılsın və dublyajların hamısı ordan idarə olunsun. Bu çətin bir şey deyil. Həmin şöbədə də normal, dilimizi bilən mütəxəssislərimiz olsun. Bu bizim kinomuzun çox vacib problemlərindən biridir. Bizim Azəbaycanımızda kino prakatı məsələsi aşağı səviyyədədir. Demək olar ki, sovet dönəmindən qalmış bütün kinoteatrların istiqaməti dəyişdirilib və bu gün onların demək olar ki, heç biri yoxdur. Əgər bazar yoxdursa, mən məhsulu kimin üçün istehsal edirəm? Bazar yaradılmalıdır. Ona görə ölkədə ümumi əlçatan kinoteatrlar yaradılmalıdır. Ümumi əlçatan məsələsi çox vacibdir ki, insanlarımızın kütləvi şəkildə kinolarımıza baxmaq imkanı olsun. Bunlar hamısı çox vacib problemlərdir. Mən demirəm bu sahənin bilicisiyəm və bu sahəni hamıdan yaxşı bilirəm. İş burasındadır ki, bu sahənin problemlərini məndən yaxşı bilən mütəxəssislərimiz də çoxdur. Onları bir yerə cəlb etmək lazımdır. Azərbaycan kinosunun problemlərini bu gün ayağımızın altına yığsaq, başımız göyə dəyər. Özü də bu problemlərin hamısını ovuc içi kimi bilən mütəxəssislərimiz də, bunu həll edə bilən yaradıcı insanlarımız da var. Onlardan sadəcə olaraq düzgün istifadə etməliyik”.
Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov Azərbaycanda Kino Agentliyinin yaradılacağını bildirib. Nazirin sözlərinə görə burda məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaqdır./moderator.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password