Baydenin regional siyasətində yeni çalarlar: “Qarabağ məsələsindəki…”
“…Tənzimləmə proseslərində iştirak etmək niyyətindədir”
“Lakin hələ təklif və yaxud proqram təqdim edilməyib”
“Qarşıdakı aylarda Co Bayden tərəfindən bu istiqamətdə daha konkret addımların atılmasını gözləyə bilərik”
ABŞ-ın 46-cı prezidenti Cozef R. Bayden yeni hökumət formalaşdırır. O, andiçmə mərasimində çıxışı zamanı bəzi ölkələrə ismarıclar göndərib. Bildirib ki, Rusiya ABŞ üçün təhdiddir. Çin insan hüquqlarını pozur və Türkiyənin isə Rusiyadan S-400 raket alması yolverilməzdir. Qeyd etmək lazımdır ki, ABŞ beynəlxalq arenada mühüm oyunçulardan biridir.
Amerika prezidenti C.Baydenin isə regionla bağlı maraqları fərqlidir. Bəzi ekspertlər hesab edir ki, geniş sanksiyaların tətbiq edilməsi Bayden dönəminin əsas istiqamətləri olacaq. Yeni hökumətin dövründə Qafqazla bağlı siyasətinin necə dəyişəcəyinə dair də müxtəlif proqnozlar verilir.
Politoloq İlqar Vəlizadə “Sherg.az”a açıqlamasında qeyd edib ki, Co Baydenin dönəmi yəqin ki, B.Obamanın siyasətini xatırladacaq:
“Çünki Baydenin komandasında Obamanın dönəmində fəaliyyət göstərən insamlar təmsil olunur. Obama hakimiyyəti illərində formalaşmış kurs, yeni reallıqlar nəzərə alınmaqla davam etdiriləcək. ABŞ çalışacaq ki, fəaliyyətlərini aktiv şəkildə qorusun və əsas tərəfdaşları ilə işləsin.
Cənubi Qafqazda iqtisadi, enerji məsələlərinin həllində əsas tərəfdaş Azərbaycan, hərbi-siyasi tərəfdaş isə Gürcüstan sayılır. ABŞ-da indiki Ermənistan hakimiyyətinə yaxın olan dairələr var. Bayden Administrasiyası Ermənistana təsirləri artımağa çalışacaq”.
İ.Vəlizadə qeyd edib ki, bu fəallaşma regional siyasətdə yeni çalarlar gətirəcək:
” Rusiya və ABŞ arasındakı gərgin münasibət regionda ziddiyyətlərin artmasına gətirib çıxaracaq. Qarabağ məsələsində isə ABŞ tənzimləmə proseslərində iştirak etmək niyyətindədir.
Lakin hələ təklif və yaxud proqram təqdim edilməyib. Qarşıdakı aylarda Co Bayden tərəfindən bu istiqamətdə daha konkret addımların atılmasını gözləyə bilərik”.