“Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
Fransanın Ermənistanı dəstəkləyən mövqeyi heç kimə sirr deyil. Avropa dövləti Azərbaycanın haqq davasında həmişə qarşı tərəfin yanında olub.
Üstəlik, Fransanın qardaş Türkiyə ilə də ulduzları barışmır. Fransızların prezidenti Emmanuel Makron hər imkandaca türk həmkarı Rəcəb Tayyib Ərdoğanı tənqid edir. Hərçənd Ərdoğanın cavabları daha sərt olur.
Fransa mətbuatı da Makrondan geri qalmır. Avropa ölkəsinin mətbuatında Ərdoğanın fotolarını çox görmək mümkündür. Türkiyənin dövlət başçısı haqda az qala hər gün tənqid yazılır, onun demokratiya prinsiplərinə zərər vurduğu bildirilir.
Bu dəfə “Atlantico” Ərdoğanın tənqidinə yer verib. Sayt Türkiyə prezidenti haqda “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur” yazıb. Media orqanı türk dövlət başçısı haqda “DNT-ni Fatih Sultan Mehmetdən alır” ifadəsini işlədib.
Yazıda aşkar bir xətt keçir. Fransızları Türkiyənin müdafiə sənayesinin güclənməsi narahat edir. Məhz bu nüans xüsusi fərqləndirilib. Təbii ki, Türkiyənin pilotsuz uçuş aparatları istehsalındakı bacarığı Avropa ölkəsində qıcıq yaradır. Üstəlik, müttəfiq Ermənistan dronlarla darmadağın edilirsə, bu, Fransada sakit qarşılana bilməz.
Yazıda açıq mətnlə Türkiyənin Qarabağda və Liviyada güclü göründüyü qeyd edilib. Çünki əməliyyatlarda qardaş ölkənin pilotsuz uçuş aparatları yeni reallıq ortaya qoyub. Sayt Türkiyənin aşkar güc nümayişi ilə məşğul olduğunu iddia edir. Hiss olunur ki, Ankaranın dayanmadan güclənməsi Parisdə narahatlıq oyadır.
“Atlantico” 2011-ci ilin mayında fəaliyyətə başlayıb. Xəbər saytı daha çox qalmaqallarla gündəmə gəlməyə çalışıb. “Atlantico” ABŞ mediasından çox təsirlənib. Yazılarda Amerika mətbuatının dəst-xətti aşkar sezilir.
Son vaxtlar Fransa ilə Türkiyənin ortaq məxrəcə gələcəyi bildirilsə də, Makron hələ yanvarın əvvəlində Ərdoğanı bir daha tənqid etmişdi. O, həmkarının radikalizmin yanında olduğunu bildirmişdi. Ərdoğanın cavabı gecikməmişdi. Türkiyə dövlət başçısı Makrona psixiatrın qəbuluna yazılmağı məsləhət görmüşdü./bizimyol.info/