“Dəmir Yumruq” – Elxan Şahinoğlunun yeni kitabı çapdan çıxıb
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinə həsr etdiyi “Dəmir Yumruq” kitabı çapdan çıxıb.
Bu müəllifin Dağlıq Qarabağ mövzusuna həsr etdiyi 3-cü kitabıdır.
Kitabın ön sözlərində bu cümlələr yer alıb: “Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı aparılan danışıqlar dalana dirənmişdi. Ermənistanda hakimiyyətə gələn yeni qüvvələrin Azərbaycana qarşı təxribatları artırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Şuşaya mütəmadi gəlişləri, Azərbaycanın qədim şəhərində yallı oynaması, Dağlıq Qarabağ “prezidentinin andiçmə mərasimini” Şuşada keçirməsi və separatçıların parlamentini də qədim şəhərimizə köçürməsini bəyan etməsi müharibənin qaçılmaz olduğunu göstərirdi. Ermənistan silahlı qüvvələrinin iyul ayında törətdiyi təxribat səbir kasamızı daşıran son damla oldu”.
Kitabda müharibənin başlanması səbəbləri, müharibə günlərində aparılan danışıqlar və bunların nəticələri, o cümlədən böyük dövlətlərin (Türkiyə, Rusiya, İran və Fransa) prosesə təsiri analiz edilib.
Kitabda 10 noyabrda baş verən 3 hadisə də araşdırılıb. Həmin gün Rusiyanın təşəbbüsü ilə bəyanat imazalandı, Naxçıvanla sərhəddə helikopter vuruldu və Bakını hədəf alan raket zərərsizləşdirildi.
Kİtabda bu 3 hadisə arasında əlaqə araşdırılır.
Və ya müharibə günlərində ABŞ səfirliyinin Bakıda terror xəbərdarlığı nəyə əsaslanırdı?
Digər sual: Rəsmi Bakı Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsindən imtina edə bilərdimi və imtina edərdisə hansı nəticə ilə üzləşərdi?
Müəllif kitabda bu və digər suallara da cavab tapmağa çalışıb.
Elxan Şahinoğlunun “Dəmir Yumruq” kitabını “Elmlər Akademiyası” metrostansiyası ilə üzbəüz “Libraff” kitab mağazasında (Hüseyn Cavid parkının yanı) əldə etmək mümkündür.
Kitab pulsuzdur. İstənilən oxucu “Dəmir Yumruq” kitabını mağazaya yaxınlaşıb heç bir ödəmə etmədən götürə bilər.