QARABAĞA BİRİNCİ KİMLƏR KÖÇÜRÜLƏCƏK? – “Öz vəsaiti ilə ev tikmək istəyənlərə şərait yaradılsın”
İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı üzərində iş başa çatıb. Rəsmi mənbələrdən daxil olan məlumata görə, bu sənəd əsasında Tədbirlər Planı da hazırlanaraq ilkin müzakirələrdən keçib və aidiyyəti qurumlarla razılaşdırılıb. Lakin konkret ərazilərin bərpası üzrə müəyyən edilmiş bölgü və qrafiklərlə bağlı bəzi korrektələrə ehtiyac yaranıb. Yaxın vaxtlarda bu məsələlərə dair də yekun qənaətə gəlinəcəyi gözlənilir.
Tədbirlər Planı hələ təsdiqlənməsə də, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı bəzi müddəalar artıq məlumdur. Belə ki, planda bərpa işlərinin məskunlaşma zonalarının miqyasından və iqtisadi potensialından asılı olaraq 3 mərhələdə aparılması təklif olunur. Birinci mərhələdə Cəbrayıl, Füzuli və Ağdam rayonlarının, ikinci mərhələdə Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının, üçüncü mərhələdə isə Şuşa və Xocavənd rayonlarının bütün yaşayış məntqələri də daxil olmaqla, Dağlıq Qarabağ bölgəsi və Qazax rayonunun 7 kəndinin bərpası nəzərdə tutulur. İlkin sənədə əsasən bərpa və yenidənqurma işlərinə əvvəlcə rayon mərkəzlərindən və iri qəsəbələrdən başlanacaq. Eyni zamanda, Şuşa şəhərinin bərpasının da birinci mərhələyə aid ediləcəyi gözlənilir.
Bundan başqa, Strateji Fəaliyyət Planına uyğun olaraq, Qarabağa qayıdacaq məcburi köçkünlər üçün geniş sosial güzəşt paketi hazırlanır. Belə ki, işğaldan azad edilmiş rayonlarda fəaliyyət göstərən dövlət strukturlarında çalışan işçilərin maaşlarına 50 faizədək əlavələrin hesablanması, kənd təsərrüfatı və özəl sektora birdəfəlik yardımlar, faizsiz kreditlər və vergi güzəştləri təklif olunur.
“Öz vəsaiti ilə ev tikmək istəyənlərə şərait yaradılsın”
Hüquqşünas Bəhruz Bayramov mövzunu “Press Klub”a şərh edərkən bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya nə qədər tez başlansa, o qədər yaxşıdır. Onun sözlərinə görə, bunun üçün ilk növbədə öz təşəbbüsü ilə bərpa işlərinə başlamaq istəyən insanların işğaldan azad olunmuş ərazilərə maneəsiz gediş-gəlişinə icazə verilməlidir: “Məcburi köçkünlər arasında yurd-yuvasına qayıdıb, şəxsi vəsaiti ilə özünə şərait qurmağa, dövlətdən yardım almadan dağılmış evlərini bərpa etməyə hazır olan minlərlə insan var. Hamı hökumətin qərarını gözləyir, icazə verilən kimi, məcburi köçkünlərin bir çoxu dövlətin yardımını gözləmədən özləri bərpa işlərinə başlayacaqlar. Müharibənin başa çatmasından iki aydan artıq vaxt keçir, amma dövlət özünün qayıdış proqramını hələ ictimaiyyətə elan etməyib. Təcili sənədləşmə işləri aparılmalı və həmin şəxslərə imkan verilməlidir ki, doğma yurd-yuvasında öz hesablarına tikinti-bərpa işlərinə başlasınlar”.
B.Bayramov hesab edir ki, bərpa prosesində sənədləşmə işləri ilə məşğul olan sərəncamverici orqanlar operativ işləməlidir. Buraya xüsusilə rayon icra hakimiyyətləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və onun yerli bölmələri aiddir: “Bu dövlət orqanları yubanmadan lazımi sənədləri hazırlamalı və şərait yaratmalıdırlar ki, dağılmış evlərini öz hesabına bərpa etmək istəyənlər dövlətin maliyyə yardımı olmadan bu işi görə bilsin. İyirmi səkkiz ildir torpaq həsrəti ilə yaşayan məcburi köçkünlər var ki, may ayından öz ata-baba yurdunda dağılmış evlərini, təsərrüfatlarını bərpa etmək arzusundadır. Belə insanlara şərait yaratmaq lazımdır”.
Məcburi köçkün öz rayonuna qayıtmaq istəmirsə…
Hüquqşünasın fikrincə, hazırda yarımzirzəmilərdə, yataqxanalarda, qəzalı binalarda on minlərlə məcburi köçkün yaşayır ki, onların Qarabağa qayıdışını tezləşdirmək lazımdır: “Nəzərə alsaq ki, dövlət məcburi köçkünlər üçün mənzil tikintisini dayandırıb, onda mənzil-məişət şəraiti ağır olan insanların mümkün qədər qısa müddətdə öz yurduna qayıdışına şərait yaradılmalıdır. Bu ailələrin bir qisminin yeni mənzillərə köçürülməsi üçün tikilib hazır vəziyyətə gətirilmiş binalar Prezidentin göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verildi. Müharibədən sonra qərara alındı ki, həmin mənzillər məcburi köçkünlərə yox, şəhid ailələrinə paylansın. Bu, düzgün qərardır. Ancaq ağır şəraitdə yaşayan məcburi köçkünləri də mütləq nəzərə almaq lazımdır və dövlət ilk növbədə məhz həmin ailələrin evlərini bərpa etməlidir”.
Hazırda dövlətin inşa etdiyi qəsəbələrdə mənzillə təmin olunan məcburi köçkünlərə gəlincə, B.Bayramov hesab edir ki, belə ailələr qayıdış proqramının sonuncu mərhələsinə aid edilə bilər. Ancaq onun fikrincə, bu cür evlərdə məskunlaşan məcburi köçkünlər Qarabağa qayıtmaqdan imtina edərlərsə, dövlət həmin mənzilləri onların əlindən alıb, şəhid ailələrinə verməlidir: “Hər kəsin istənilən yerdə yaşayış yeri seçmək hüququ var. Amma əgər məcburi köçkün daimi qeydiyyatda olduğu rayona qayıtmaq istəmirsə, dövlət ona şərait yaratmalı deyil, şəraiti işğaldan azad olunmuş ərazilərdə yaratmaq lazımdır. Digər tərəfdən, imkanlı şəxslərə, biznesmənlərə yüksək səviyyədə şərait yaradılmalıdır ki, onlar öz bizneslərini işğaldan azad edilmiş ərazilərdə qura bilsinlər. Bütün bunlardan sonra dövlət sosial infrastrukturun, o cümlədən yol, elektrik enerjisi, təbii qaz, içməli su və rabitə xidmətləri infrastrukturunun bərpasını başa çatdırmalıdır. Hesab edirəm ki, bununla paralel şəkildə öz hesabına mənzil tikmək, şəxsi təsərrüfatlarını qurmaq istəyənlərə şərait yaradılmalıdır. İlkin məskunlaşma tədbirlərinə məhz belə başlanmalıdır və dövlət bu işi mümkün qədər sürətləndirməlidir”.
Kiçik kəndlərin sakinləri üçün bir qəsəbə
Deputat Razi Nurullayev isə bildirir ki, məcburi köçkünlərin Qarabağa qayıdışı ərazilərin tam şəkildə bərpasından sonra mümkündür. Onun sözlərinə görə, hər şeydən əvvəl ərazilər şəhərsalma qaydalarına uyğun şəkildə bərpa edilməli, bütün infrastruktur kompleks şəkildə qurulmalıdır: “Dövlət başçısı da hökumətə məhz bu cür tapşırıq verib ki, ərazilərin bərpası şəhərsalma qaydalarına uyğun şəkildə aparılmalıdır. Hazırda bununla bağlı xarici təcrübə, xüsusilə Türkiyə təcrübəsi öyrənilir. Bərpa proqramının hazırlanması prosesində yeni-yeni fikirlər və ideyalar yarandığından, sənədin üzərində işi yekunlaşdırmaq bir qədər çətinləşir. Doğrudan da bu, o qədər də asan iş deyil. Çünki son iki ayda Prezident özü də həmin ərazilərə səfərlər edib, ayrı-ayrı dövlət strukturlarının ekspert qrupları Qarabağa ezam olunur və bu səfərlərin sonunda yeni məsələlər ortaya çıxır. Buna görə də ərazilərin bərpası planının vahid bir konsepsiya kimi işlənib hazırlanması çətinləşir. Məsələ burasındadır ki, bir rayonun yüzədək, bəzilərində isə yüzdən çox kənd var və onların hamısının eyni variantda bərpası mümkün deyil”.
Millət vəkili azad edilmiş ərazilərdəki kiçik kəndlərin bərpasına vaxt və vəsait sərf etməyin tərəfdarı deyil. Onun fikrincə, ilkin mərhələdə əsas diqqət rayon mərkəzlərinin və iri yaşayış məntəqələrinin bərpasına yönəldilməlidir. Kənd yerlərinin bərpası isə optimallaşdırılmalıdır: “Hər kiçik kənddə yol, su, elektrik enerjisi, təbii qaz xəttinin çəkilməsi böyük xərc tələb etməklə yanaşı, həm də əlavə əmək sərfi deməkdir. Ona görə də mövcud şəraitdə ən optimal variant 10-15 evdən ibarət kiçik kəndlərin qəsəbə halında birləşdirilməsi ola bilər. Bildiyimə görə, bununla bağlı xarici təcrübə də öyrənilir, artıq xarici şirkətlər bu məsələyə cəlb olunub”.
R.Nurullayev qeyd edib ki, azad olunmuş ərazilərə qayıdacaq vətəndaşların məşğulluq və sosial təminat məsələləri, biznesin inkişaf etdirilməsi üçün münbit şərait Strateji Fəaliyyət Planının əsas tərkib hissələridir. O, əmindir ki, hazırda ölkənin müxtəlif regionlarında, o cümlədən Bakıda və digər şəhərlərdə məskunlaşan məcburi köçkünlər bərpa olunacaq ərazilərdə indikindən daha yaxşı yaşayacaq: “Fərz edək ki, Bakıda dövlətin verdiyi ikiotaqlı mənzildə məskunlaşan məcburi köçkünün bir maşını və ayda 100 manat qazancı var. Əvvəlki yaşayış yerinə qayıtsa, dövlət orada da onu mənzillə təmin edəcək, maşınını da özü ilə aparacaq, üstəlik aylıq qazancı 100 deyil, 150 manat olacaq. Belə olan halda həmin vətəndaş əlbəttə, qayıdıb öz rayonunda yaşayacaq. Məcburi köçkünlərin öz yurd-yuvasına qayıdışını təmin etmək istəyiriksə, məsələyə bu prinsiplərdən yanaşılmalıdır. Qarabağ və bütövlükdə işğaldan azad edilmiş ərazilər elə gözəl məkana çevrilməlidir ki, insanlar daha rahat və layiqli həyat yaşaya bilsin, ermənilər separatçlıq hərəkətlərinə görə peşman olsunlar. Həm də, dünya görsün ki, işğalçı Ermənistanın dağıtdığı yerdə Azərbaycan bir cənnət yaratdı. Əgər bunu edə bilsək, nəinki məcburi köçkünlər, hətta o rayonlardan olmayan insanlar da gedib orada yaşamaq istəyəcəklər. Təəssüflər olsun ki, son vaxtlar məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə qayıtmayacağını deyənlər var. Halbuki Azərbaycanda belə bir problem yoxdur”.