Əhmədzadənin ərköyünü “DOST” agentliyini də aldatdı?

“Rədd olun, gedin “DOST” iş Mərkəzindən maaşınızı alın! Əlinizdən bezmişəm, yenə canınız çıxıb bizə işləyəcəksiniz, amma pulunuzu bundan sonra qoy “DOST” agentliyi versin. Bizim artıq sizə ödəyəsi pulumuz yoxdur! Sizə nə fərqi var pulu kim verir?”…

Bu sözləri Göygöl rayonunun “tərəqqi” medallı baş melioratoru, özünü Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhmədzadənin və ASC-də müavin olan Rafiq Aslanovun ən yaxın adamı kimi tanıdan İlqar Məhərrəmov öz kollektivi qarşısında çıxış edərkən səsləndirib.
Belə ki, idarə rəhbəri cari ilin ilk günlərindən etibarən Göygöl SSİ-nin tabeliyində çalışan 15 nəfər təcrübəli işçini məcbur edərək “DOST” (Dayanıqlı və operativ sosial təminat) agentliyinə transfer edib. Ardınca da SSİ-də müxtəlif ştat vahidləri üzrə müddətsiz əmək müqavilələrilə çalışmış şəxsləri işaxtaran qismində formal və saxta arayışlı sözləşmə əsasında “DOST” iş mərkəzi tərəfindən maaşları ödənilməklə yenidən öz marağındakı “ictimai işlər”ə cəlb edib.
Aldığımız məlumata görə, bunun həyata keçirilməsi idarədaxili maddi dartışmalarla, maxinasiyalarla bağlı olub. Və “sabiq” işçilərin əksəriyyəti də əvvəlcə gördükləri işi görməkdə davam edirlər. Dəyişən və görünən tək şey isə odur ki, Göygöl SSİ bu lüzumsuz həngamə ilə əslində ölkə başçısının həvəslə yaratdığı “DOST” iş mərkəzini aldadıb. Köhnə işçilər eyni işdə işləsələr də maaşlarının “DOST” agentliyinin büdcəsinə yüklənilməsinə başqa ad tapmaq çətindir.
Bir idarənin rəhbərinin təkidilə öz işçilərini “işsizləşdirən”, eyni gündə də “DOST” xəttilə öz köhnə işlərinə təhkim edən müqaviləyə “DOST” agentliyinin nə üçün belə asanlıqla cəlb edilməsi, yeni razılaşma şərtlərinə tam razılıq verməsi də müəmmalar doğurur.
Xatırlatmaq yerinə düşər ki, “DOST”agentliyi əsasən yeni ictimai iş yerlərinin açılmasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon, məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olub özlərinə başqa iş tapmayan vətəndaşların işlərlə təminatını, yəni işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq icra olunan ödənişli ictimai işlər (“İşsizin DOSTu”) proqramı işsiz və işaxtaranların məşğulluğu ilə bərabər, onların konkret fəaliyyət sahələri üzrə ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə imkan yaradır. Yuxarıdakı halda isə mahiyyətin dəyişdirildiyini, Göygöl SSİ-nin rəisinin şəxsi maraqlarla Əmək Məcəlləsini və öz işçilərini ələ saldığını söyləyə bilərik.
Əgər o işçilər Əhmədzadənin ərköyününə lazım idisə niyə bu yolla onların maaşını “DOST” agentliyi ödəməlidir?
Yox əgər o işçilər Göygöl SSİ-yə ştat vahidləri üzrə lazım deyildisə, indiyədək onlara hansı qanuni əsaslarla maaş verilib ? Yəni, onlar işə götürülərək bugünədək niyə hansısa təyinat üzrə işləyib maaş alıblar?
Hesab edirik ki, baş verənlər Göygöl rayonu üzrə real 15 işsizə “DOST” yardımının qarşısını alıb. Axı, heç bir idarə və təşkilat “ixtisar” adı altında öz maddi və işçi yükünü prezidentin daha çox ehtiyacı olan işsizlərə görə yaradıb maliyyələşdirdiyi agentliyə yükləməməlidir!
İnanırıq ki, yuxarıda sadalananlara – Göygöl SSİ-də baş verənlərə rəsmi aydınlıq gətiriləcək./demokratik.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password